Yaşıl mələk kimi

Ən çox yaşıl rəngi sevirdi – yaşıl çəmənləri, meşələri, təbiəti… Hərbi forması da yaşıl rəngdə idi. Hətta evdə ailə üzvləri, xüsusilə həyat yoldaşı zarafatla deyirdilər ki, yaşıl rəngi o qədər çox sevdin ki, hərbi formanın rəngi də yaşıl oldu. Vətən müharibəsindən sonra Laçına gedəndə oradan şəkillər çəkib göndərmişdi, ətraf hər yer yaşıl idi. O yerləri çox bəyənirdi, hətta deyirdi ki, buralar cənnətdir…

Elməddin həyatı da çox sevirdi – öz işini, əsgərləri, uşaqları, ailə üzvlərini, həyat yoldaşını…

AZƏRTAC xəbər verir ki, Elməddin Nəsibov 1989-cu ildə Tovuz rayonunda anadan olub. 2013-cü ilin dekabrından 2015-ci ilin iyulunadək Fövqəladə Hallar Nazirliyinin Mühafizə idarəsində bölük komandiri, 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin Qusar rayonunun Samur Keçid Məntəqəsində nəzarətçi, 2020-ci ilin yanvarından həmin xidmətin Horadiz Sərhəd Dəstəsində Bölük komandirinin müavini, sonra isə Bölük komandiri vəzifəsinə irəli çəkilib. Vətən müharibəsinin ilk günündən silaha sarılaraq döyüşlərdə iştirak edib.

Döyüş yoldaşı Arzu Hacıyev baş leytenant Elməddin Nəsibovla 2020-ci ilin iyulunda tanış olub. Onlar Vətən müharibəsinin ilk günündən döyüşə qatılıblar. Birlikdə iştirak etdikləri ilk döyüş müharibənin 11-ci günü Hadrut uğrunda olub: “O, bölük komandirinin mənəvi-psixoloji hazırlıq üzrə müavini idi və şəxsi heyəti həmişə ən yüksək psixoloji hazırlıqda saxlamağa bacaran bir zabit idi. Altı gün Hadrutda döyüşlərdə iştirak etdik, qəsəbə ermənilərdən tam təmizlənəndən sonra komandanlıq bizi zirehli texnikalarla Zəngilanın Alıbəyli kəndində göndərdi. Həmin kənd yaxınlığında düşmənin 150 nəfərə yaxın xüsusi təyinatlı qoşun növü ilə üzləşdik. 18 saat yarım davam edən döyüşdən sonra xeyli tükənmişdik, hərbi sursatımız da az qalırdı. Düşmən qüvvələri qarşısında cəmi 30 nəfərlik bir heyətlə döyüşürdük. Ermənilər bizi mühasirəyə salmağa çalışırdılar. Baş leytenant Elməddin Nəsibovla rabitə əlaqəsi saxladıq və çox qısa bir vaxtda o, döyüşçülərlə və xeyli silah-sursat ehtiyatı ilə köməyə gəldi. Onların gəlişi sanki bizə əlavə nəfəs verdi. Ertəsi gün səhər saatlarında artıq biz erməniləri mühasirəyə salmağa cəhd göstərirdik. Həmin əməliyyat zamanı Yenikənd, Rəvənd və daha bir kəndi ermənilərdən təmizləyərək irəlilədik”, -deyə Arzu xatırlayır.

Atası Süleyman Elməddinin hər addımda ondan xeyir-dua aldığını deyir: “O, əvvəlcə Fövqəladə Hallar Nazirliyində, sonra isə Sərhəd Qoşunları Xidmətində işləməyə gedərkən ata kimi mənim xeyir-duamı aldı. Sonra öz xahişi ilə Horadizdə bölük komandirinin müavini vəzifəsinə getdi. Vətən müharibəsi başlamamışdan on gün əvvəl Bakıda görüşdük. Orada da ona dedim, ki, ay oğul, özündən muğayat ol”. Dedi, ata, sən məndən narahat olma, amma mən əsgərlər üçün narahatam, çünki onlar bizə əmanətdirlər. O, 44 günlük müharibənin ağrı-acılarını keçdiyinə, məhrumiyyətlərinə dözdüyünə , Zəfər Gününün sevincini yaşadığına görə, çox sevinir və fəxr edirdi”.

Anası Məleykə oğlunun saf qəlbli övlad olduğunu söyləyir: “Elməddin ailənin böyüyü idi, uşaqlıqdan çox tərbiyəli, çalışqan idi. Müəllimləri həmişə ondan razılıq edirdilər. 2007-ci ildə orta məktəbi bitirib Gəncə Dövlət Texnologiya Universitetinə qəbul olundu. Çox uşaqcanlı idi, tələbə olsa da, həmişə tətilə gələndə əmisi uşaqlarına nəsə alıb gətirərdi. Uşaqları sevindirməyi çox sevirdi”.

Həyat yoldaşı Gülnar onunla bağlı xatirələrini bölüşür: “O, ilk görüşdən alicənablığı ilə özünə rəğbət qazanmışdı. 2014-cü il oktyabrın 14-də onunla ailə qurduq, 7 il bir yerdə yaşasaq da, övladımız olmadı. Çox qayğıkeş, ailəcanlı həyat yoldaşı idi. Bir yerdə yaşadığımız yeddi ildə çox həkimlərə üz tutsaq, çoxlu müalicələr alsaq da, faydası olmadı. O, hətta övladlığa uşaq götürmək üçün müraciət etmək istəyirdi, mən onu ləngitdim. O, hər şeyi mənim razılığımla, məsləhətli şəkildə edirdi. Deyirdi, sən nə vaxt hazır olsan, onda övlad götürmək barədə qərar verərik”.

Bacısının dedikləri: “Bizim aramızda bacı-qardaş münasibətindən başqa dostluq münasibəti də var idi. O, heç nəyi məndən gizlətməzdi, zəng edəndə bəzən saatlarla danışardıq. Vətən müharibəsindən əvvəl özünə şəxsi avtomobil almışdı, evdə məndən başqa heç kəs bilmirdi. Həmin maşını müharibə başa çatandan bir neçə ay sonra sürməyə başladı. Laçında çox yaraşıqlı mənzərəli bir evin qarşısında şəkil çəkdirmişdi. Deyirdi, gör nə gözəl yerlərdi, indi bu evlərin sahibi bizik, bu yerləri tərk edən sakinlər qayıdıb yenidən öz evlərində yaşayacaqlar. Belə şeylərdən çox duyğulanırdı…O, özünə şəhidlik arzulayırdı. Həmin zirvəyə ucalmaq ona Vətən müharibəsi günlərində nəsib olmadı. Müharibədən sonra deyirdi ki, sağ qalsam, sizi Şuşaya gəzməyə aparacağam…

Elməddin uşaqları çox sevsə də, ata olmadı. Bir dostuna deyirmiş ki, ehtiyacı olan on əlilə araba alıb bağışlamaq istəyirəm, bəlkə onların duası mənə kömək oldu. Bunu onun şəhidliyindən sonra eşidəndə çox pis oldum…”.

O, Vətən müharibəsində şərəfli döyüş yolu keçsə də, sağ-salamat geri qayıtdı. Amma haradan biləsən ki, onun ömür yolu müharibədən səkkiz ay sonra Laçında avtomobil qəzasında qırılacaq… 2021-ci il iyunun 16-da Laçın rayonunun Cicimli kəndində hərbi tapşırığı yerinə yetirərkən şəhidliyə ucaldı …

Baş leytenant Elməddin Nəsibov “Vətən uğrunda”, “Hadrutun azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Zəngilanın azad edilməsinə görə” medallarına layiq görülüb.

Gülnar xanım həyat yoldaşının yolunu davam etdirmək fikrinə düşüb: “Mənim ona, onun peşəsinə, formasına, geyiminə o qədər məhəbbətim var idi ki, Elməddinin yoxluğunda onun yolunu davam etdirmək istədim. Sərhəd Qoşunları Xidmətinin Baş idarəsinə getdim, çox böyük hörmət və qayğı ilə qarşıladılar, mənim istəyimə müsbət yanaşdılar. Onun daşıdığı formanı geyinərək Sərhəd Qoşunları Xidmətinin hospitalında işə başladım. Bu, mənim üçün həm sevincli, həm də çox ağır idi. Həmişə formanı səliqəyə salanda, ütüləyəndə Elməddinin köynəklərini ütülədiyim günlər yadıma düşür. Əlbəttə, çox çətindir. Hospitalda Birinci Qarabağ müharibəsinin döyüşçüsü, Milli Qəhrəman Allahverdi Bağırovun qızı Zümrüd Bağırova mənə çox böyük dəstək göstərdi. Öz fəaliyyətimlə Elməddinin adına layiq olmağa çalışıram. Onunla ailəli olduğum 7 ildə mənə uzun illərə sığmayan sevgi, məhəbbət, qayğı yaşadıb. Ömrüm boyu ona borcluyam və adını uca tutmaq üçün hər şeyə hazıram”.

Hərbçiləri bəzən “yaşıl mələk” adlandırırlar. Bu söz ona çox yaraşırdı. Elə bil o özü də həmin mələklərdən birinə çevrildi…

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?