YAP nümayəndə heyəti Vyetnam Kommunist Partiyasının Siyasi Bürosunun üzvü ilə görüşüb

 

 

Vyetnamda səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti ilə Vyetnam Kommunist Partiyasının (VKP) Siyasi Bürosunun üzvü, Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü və Təşkilat Komissiyasının sədri xanım Çionq Txi May arasında görüş keçirilib.

 

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini salamlayan Çionq Txi May Azərbaycanla Vyetnamın bir-birinin maraqlarına hörmət edən dost ölkə olduqlarını, çoxşaxəli münasibətlərin inkişafının məmnunluq doğurduğunu qeyd edib. O deyib ki, istər dövlətlər, istərsə də partiyalar arasında hər bir təmas ümumi hədəflərimizə, ilk növbədə, münasibətlərin inkişafına yönəlib və əməkdaşlığın genişlənməsinə xidmət edir.

 

Azərbaycanın qazandığı nailiyyətlərin dost Vyetnam xalqını sevindirdiyini bildirən Çionq Txi May ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin əsasının Vyetnam xalqının Lideri Ho Şi Min və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. O bildirib ki, müasir dövrdə dövlət başçılarının diqqəti sayəsində inkişafa hədəflənən bərabərhüquqlu işbirliyinin gücləndirilməsi milli maraqlarımıza cavab verməklə uğurlu nəticələr vəd edir.

 

Çionq Txi May 2017-ci ilin sentyabrında Azərbaycanda səfərdə olarkən Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb və səfərin xoş təəssüratlarla yadda qaldığını diqqətə çatdırıb. O, Azərbaycan Prezidentinin həm ölkələrimiz, həm də partiyalarımız arasında münasibətlərin inkişafına xüsusi diqqət yetirməsinin böyük önəm daşıdığını vurğulayıb.

 

YAP ilə VKP arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkən Çionq Txi May qeyd edib: “Əminəm ki, YAP-ın nümayəndə heyətinin ölkəmizə səfəri faydalı olacaq, hərtərəfli əməkdaşlığa stimul verəcək. Xüsusilə də bu səfər çərçivəsində partiyalarımız arasında əməkdaşlıq sazişinin imzalanması hər iki tərəf üçün yeni imkanlar yaradır. Ümid edirəm ki, bundan sonra da birlikdə addımlayaraq yeni uğurlar qazanacaq, dostluq münasibətlərimizin daha da möhkəmlənməsinə nail olacağıq”.

 

Səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Tahir Budaqov tarixi köklərə əsaslanan Azərbaycan-Vyetnam münasibətlərinin konstruktiv xarakter daşıdığını, dostluq əlaqələrinin möhkəmlənməsi və əməkdaşlığın dərinləşməsi fonunda mühüm perspektivlər vəd etdiyini diqqətə çatdırıb. Azərbaycanın Cənub Qafqaz regionunda, Vyetnamın isə Cənub-Şərqi Asiyada aparıcı mövqelərə malik olduğunu söyləyən Tahir Budaqov hər iki ölkənin milli maraqlara və müasir çağırışlara əsaslanan siyasət həyata keçirməklə davamlı sosial-iqtisadi inkişafı təmin etdiyini bildirib. O, iqtisadi-ticari, mədəni-humanitar, təhsil, turizm, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, prioritet hədəflərin reallığa çevrilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında uzunmüddətli dostluq münasibətlərinin təməli xalqlarımızın öndərləri tərəfindən yaradıldığını xatırladan T.Budaqov deyib ki, müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizə rəhbərlik etdiyi dövrdə də Vyetnam ilə münasibətlərin inkişafına ciddi diqqət yetirib.

 

YAP Sədrinin müavini müasir dövrdə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi ənənələrə söykəndiyini və yeni çağırışlar əsasında inkişaf etdiyini bildirib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama, Vyetnamın ozamankı Prezidenti Çıonq Tan Şanqın 2015-ci ildə Azərbaycana səfərini xatırladan YAP Sədrinin müavini deyib: “Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Vyetnamla əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirir. İki ölkənin fəal siyasi dialoqu tərəflər arasında çoxşaxəli işbirliyinin dərinləşməsini şərtləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Biz ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, mədəni-humanitar, təhsil və digər sahələrdə inkişafına böyük əhəmiyyət veririk”. Dövlətlərimiz, eyni zamanda, beynəlxalq müstəvidə də bir-birinin maraqlarının müdafiəsinə böyük önəm verir, çoxşaxəli qarşılıqlı münasibətlərin milli mənafelər və beynəlxalq hüquq normaları əsasında inkişafını zəruri hesab edir”.

 

Daimi təmasların istər ölkələr, istərsə də siyasi partiyalar arasında münasibətlərin inkişafına töhfə verdiyini diqqətə çatdıran Tahir Budaqov qarşılıqlı səfərlərin önəminə diqqəti cəlb edib, YAP ilə VKP arasındakı əlaqələrin Azərbaycan-Vyetnam münasibətlərinin mühüm tərkib hissəsi olduğunu söyləyib.

 

O, hər iki ölkənin parlamentləri arasında əlaqələrin möhkəmləndirilməsinin Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı baxımından önəmli olduğunu diqqətə çatdırıb.

 

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müasir texnologiyalardan istifadə etməklə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını bildirən YAP Mərkəzi Aparatının rəhbəri Vyetnam şirkətlərinin də bu prosesdə iştirakının arzuedilən olduğunu söyləyib. Tahir Budaqov yeni çağırışlar və reallıqlar fonunda Azərbaycan-Vyetnam münasibətlərinin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

 

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?