Son zamanlar dünyada qəfil ürək dayanmasından ölənlərin sayı artıb. Hazırda ürək-damar xəstəliklərindən ölüm halları ilk sıradadır. Azərbaycanda da bu göstərici fərqli deyil. Ürəktutma nəticəsində qəfil ölümlərin artmasını müxtəlif səbəblərlə əsaslandıranlar var. Mütəxəssislər deyirlər ki, gündəlik iş prosesində gərginlik, qayğılar, stress, qeyri-sağlam qidalanma, anormal yuxu rejimi, iqlim dəyişikliyi və s. kimi problemlər insana ölümcül təsir edə bilir. Ancaq bir gerçəklik var ki, bu problemlərin çoxu illər öncə də mövcud idilər. Bəs ürək xəstəlikləri indi niyə bu qədər artır? Həkim-terapevt Sübhan Hacıyev bildirib ki, qəfil ürək dayanmaları ürəyin ritm pozuqluğu, miokard infarktı ilə bağlıdır və kişilərdə qadınlara nisbətən daha çox müşahidə edilir. O qeyd edib ki, xüsusilə, 40 yaş üzəri kişilərin ildə bir dəfə chek-up müayinələrdən keçməməsi, artıq çəki, siqaret, enerji və spirtli içkiləri qəbul etmək kimi zərərli vərdişlər bu cür xəstəliklərə şərait yaradır və bir müddətdən sonra ateroskleroz, trombozun fəsadlaşması nəticəsində həyatımızı itirmiş oluruq. Ürək xəstəliklərinin artmasının səbəblərindən biri kimi “Covid 19” əleyhinə peyvəndləri də göstərənlər var. Məsələn, hazırda karonavirusa qarşı ən çox istifadə olunan peyvəndlərdən sayılan “Biontech”lə bağlı Almaniyada məhkəmə prosesi davam edir. On minlərlə insan məhkəməyə müraciət edərək, iddia edib ki, “Biontech” vurduran çoxsaylı insanlarda yaddaş pozuqluğu, halsızlıq, qan-damar sistemi xəstəliyi aşkar edilib, yüzlərlə insan şikəst olub. Elə ölkəmizdə də ürək xəstəliklərinin artımını peyvəndlə əlaqələndirənlər az deyil. Terapevt Sübhan Hacıyev qeyd edib ki, istənilən xəstəliyə qarşı vurulan peyvəndlər dünya praktikasında test olunmalı və əksəriyyət üzərində sınaqdan keçdikdən sonra istifadə edilməlidir. Lakin keçdiyimiz pandemiya dövründə vurulan peyvəndlər üçün bu şübhəli məqamdır. O bildirib ki, koronavirusa qarşı olan peyvəndlər insanları ağır pandemiyadan xilas etsə də, yaxın və ya uzaq gələcəkdə başqa hansı fəsadlar törədə biləcəyi məlum deyil. Həkim-nevroloq Qalib Əsədov isə bildirib ki, təkcə ürəktutması deyil, şəkərli diabet, xərçəng, beyin-qan dövranının pozulması, insult, arterial təzyiq, mədə yarası və s. kimi ciddi problemlər daha çox stressdən yaranır. Qida mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, gündəlik problemlərlə yanaşı, yanlış qidalanma da ürək-damar xəstəlikləri riskini artıran başlıca səbəblərdəndir. Ekspert qeyd edib ki, həftədə 2 dəfədən artıq qırmızı ətin qəbul edilməsi də orqanizmə ciddi zərər verir. Daha çox quş ətlərindən istifadə olunması məsləhət görülür. Mütəxəssis bildirib ki, səhər yeməyində yumurta, süd məhsulları, gün ərzində bir ovucu keçməmək şərti ilə çərəz, orqanizmin ehtiyacını ödəyəcək qədər su və digər bu kimi sağlam qidalar ürək-damar, həmçinin bir sıra ağır xəstəliklərdən qorunmaq üçün əhəmiyyətlidir.