“TikTok” və “Snapchat” sosial şəbəkələri süni intellekt (AI) vasitəsilə yaradılan azyaşlılara qarşı seksual xarakterli zorakılıq hallarının yayılmasının qarşısını almaq məqsədilə birgə bəyanatı imzalayan 30 şirkət və dövlət müəssisələri sırasına qoşulub.
AZƏRTAC xəbər verir ki, sözügedən bəyanat Böyük Britaniya, ABŞ, Almaniya, Cənubi Koreya və Avstraliyanın şirkətləri və dövlət müəssisələri tərəfindən imzalanıb.
Bəyanatı imzalayan hüquqi şəxslər “AI epoxasında azyaşlılara qarşı seksual zorakılıq halları ilə mübarizədə dialoq və texniki innovasiyaları dəstəkləmək” barədə qərar qəbul ediblər. Onlar həmin sahədə risklərin aradan qaldırılacağı təminatını veriblər.
Qrup “Internet Watch Foundation” (IFW) qurumunun məlumatlarına istinad edib. Bu məlumatlarda göstərilib ki, süni intellekt tərəfindən “qaranlıq səhifələrin” bir forumunda yaradılan 11 min təsvirdən təxminən 3 mini azyaşlılara qarşı seksual zorakılıqla bağlıdır.
Böyük Britaniyanın keçmiş daxili işlər naziri Suella Braverman bununla bağlı bildirib: “Bu şəkillərin internetdə yayılması templəri şok yaradır, məhz bu səbəbdən biz həmin problemin bilavasitə həlli məqsədilə təşkilatların geniş qrupunu yaratmışıq. Biz bu halların nəzarətsiz davam etməsinə imkan verə bilmərik”.
IFW-nin icraçı direktoru Syuzi Harqrivs qeyd edib ki, bu problem iyulda baş verən hallardan sonra xüsusi narahatlıq doğurub. O əlavə edib: “Həmin vaxtdan AI ilə bağlı ən pis gözləntilər özünü doğrultdu. İndi nümunə göstərmək və yeni texnologiyanın tam şəkildə öz mövqeyini möhkəmlətməsindən əvvəl adekvat tədbirlər görmək çox vacibdir”.