Rəşad Məhəmmədoğlu
Həyatdı
Sevən canım, bu həyata üzülmə,
Taleyindən şərab içən həyatdı,
Ayaqda qal, pəncəsində əzilmə,
Yolun üstə gəlib keçən həyatdı.
Ömür yolun yol yoldaşı, danışar,
Dalda qalar, öndə gedər, yarışar,
Qədəmlərin döngələrdə qarışar,
Enişi dar, əyri küçən həyatdı
Əbədiyyət bitirib söz təbində,
Acısı var, şəkəri var həbində,
Dərs dediyi zamanın məktəbində,
İmtahana səni seçən həyatdı.
O dənizdi, suyu dərya, çəkilməz,
Üzən üzər, biri batar, bilinməz,
Bu sahildən o sahili görünməz,
Üfüqləri uzaqda, çən həyatdı.
Cüt zərini bəxtinə at qoşa sən,
Onu güldür, gülüşüylə yaşa sən,
Adını yaz xatirənə, daşa sən,
O dünyaya kəfən biçən həyatdı.
*