Rusiya və ABŞ-ın söz dueli – ŞƏRH

By Admin Ağu13,2023

Son dövrlər Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları ilə bağlı müxtəlif bəyanatlar səsləndirilib. Qərbin bəyanatları aparılan danışıqların müsbət tendensiya ilə irəliləməsi, müəyyən razılaşmaların əldə edilməsi və tezliklə tərəflər arasında sülh müqaviləsinin imzalanmasına ümidin artması üzərində qurulub. Ermənistanın baş naziri Nikol Paşinyan vədinə xilaf çıxmayıb. Tez-tez bir-birini təkzib edən bəyanatlar səsləndirərək, bir neçə gün əvvəl sərsəm açıqlaması ilə bir daha erməni xislətini ortaya qoyub.

Nikol açıqlamasında Azərbaycanın sülh müqaviləsi imzaladıqdan sonra Ermənistana qarşı ərazi iddiası ilə çıxış edəcəyi barədə sərsəm fikirlər səsləndirib. Onun bu açıqlaması sülh müqaviləsinin imzalanmasına dəstək olduqlarını qeyd edən Rusiya və Qərbin nəzərindən qaçmayıb.

Tərəfləri sülh müqaviləsi imzalamağa çalışan, istər XİN, istərsə də digər dövlət rəsmiləri tərəfindən tez-tez səsləndirilən bəyanatlarda “biz Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyirik və tərəflərlə işləyirik” fikrini az qala hər həftə qeyd edən Rusiyanın son açıqlaması isə anlaşılan deyil. Rusiya XİN rəsmisi Denis Qonçarın “Azərbaycanla Ermənistan arasında tələsik sülh müqaviləsi bağlamaq cəhdi gələcəkdə yeni münaqişələrə gətirib çıxaracaq. Bakı və İrəvan sülh müqaviləsinin istənilən şərtlər daxilində imzalanmasına hələ hazır deyil, çünki hələ də həllini gözləyən mürəkkəb məsələlər var” açıqlaması bir sıra mətləblərdən xəbər verir.Rusiyanın Cənubi Qafqazda Qərbə qarşı mövqe savaşında dayanması sirr deyil. Qərb sülh müqaviləsinin imzalanmasına tələssə də, Rusiya görünür mövcud vəziyyətdən razıdır və sülh müqaviləsinin belə tezliklə imzalanmasını istəmir. Çünki sülh müqaviləsinin imzalanması Rusiyanın Cənubi Qafqazı tərk etməsi ilə nəticələnəcək. Regionda ciddi maraqları olan Rusiyanın belə tezliklə ərazini tərk etməsi Kremlin bir sıra siyasi dairələrini razı salmır. Elə Qərbin də sülh müqaviləsinin imzalanmasına tələsməsi və bu məqsəd üçün görüşlər, danışıqlar təşkil etməsi, hər görüşdən sonra pozitiv mesajlar verməsi də əslində Rusiyanı regiondan sıxışdırıb çıxarmağa hesablanıb. Eyni zamanda Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi, Zəngəzur dəhlizinin açılması, digər nəqliyyat infrastrukturlarının blokdan çıxarılması da Qərbin maraq dairəsindədir. Amma görünür Rusiya sülh müqaviləsinin imzalanması, nəqliyyat infrastrukturunun blokdan çıxarılması məsələsinə loyal yanaşmır. Əslində qeyd edilən son məsələ Rusiyanın da iqtisadiyyatına müsbət təsir göstərə bilər. Sirr deyil ki, Rusiya rəsmiləri dəfələrlə Zəngəzur dəhlizinin açılmasının əleyhinə olmadıqlarını, nəqliyyat infrastrukturunun blokdan çıxarılmasının ümumi regionun mənzərəsini dəyişəcəyini etiraf ediblər. Bu yollar alternativlər axtaran Rusiya üçün də məqbuldur. Deyəsən iqtisadi maraq siyasi maraqdan sonra gəlir. Çünki Qonçarın açıqlamasından da məlum olur ki, Rusiya sülh müqaviləsinin imzalanmasının, yəni tez bir müddətdə imzalanmasının əleyhinədir və bu məsələdə Qərblə maraqları toqquşur.

Qonçarın açıqlamasında qeyd edilən həll edilməli olan mürəkkəb məsələlərdən biri də Qarabağın erməni əhalisi ilə bağlıdır. Rusiyalı diplomat bildirib ki, Qarabağın erməni əhalisinin təhlükəsizliyi Azərbaycan qanunvericiliyi çərçivəsində təmin edilməli və hər kəs tərəfindən tanınmış hüquqlar təmin olunmalıdır. Rusiyalı diplomat deyəsən rəsmi Bakının və konkret olaraq Prezident İlham Əliyevin açıqlamalarından xəbərsizdir. İstər Brüssel, istərsə də Moskva görüşlərində cənab Prezident dəfələrlə qeyd edib ki, Azərbaycan Qarabağın erməni əhalisinə öz vətəndaşı kimi yanaşmağa, təhlükəsizliyini və hüquqlarını təmin etməyə hazırdır. Əgər Qonçar bu açıqlamalardan xəbərdardırsa, yüz faiz ki, xəbərdardır, o zaman belə bir fikir səsləndirmək Qarabağda dislokasiya olunmuş Rusiya sülhməramlılarının “ömrünü uzatmağa hesablanıb”.

Rusiya XİN rəsmisi dolayı yolla Qərbə mesaj ötürüb ki, onun iştirakı ilə aparılan sülh danışıqlarını dəstəkləmir və buna imkan vermək niyyətində deyil. Əslində dəfələrlə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova da bu tipli açıqlamalar verib. Qərbdə baş tutan danışıqlardan sonra rusiyalı diplomat bu tip görüşləri məqbul saymadıqlarını, Qərbin qızışdırıcı mövqe sərgilədiyini bəyan etmişdi. Rusiyadan fərqli olaraq isə ABŞ Dövlət Departamenti “sülhə doğru uzanan istənilən görüşü dəstəkləyirik” açıqlaması ilə rus diplomatiyasını mat vəziyyətinə salmışdı.

Qonçarın açıqlamasına Qərbin cavabı elə də gecikmədi. Dövlət Departameninin sözçüsü Metyu Miller Rusiyanın açıqlaması ilə bağlı “digər ölkələrin bunu necə şərh etməsindən asılı olmayaraq, İrəvanla Bakı arasında sülh sazişinin imzalanması mümkündür” bəyanatını səsləndirib. Rusiyadan fərqli olaraq, ABŞ bu dəfə də Azərbaycanla Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsi ilə bağlı müsbət siqnal göndərib. ABŞ rəsmisi qeyd edib ki, əgər söhbət Azərbaycan və Ermənistandan gedirsə, Rusiya barədə danışmaq istəmir: “Mən münaqişənin birbaşa tərəfi olan iki ölkədən danışmaq istərdim. Bono keçən həftə bölgəyə səfər edib və onlarla şəxsən görüşüb. Və inanırıq ki, bu məsələdə tərəf olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, razılaşma əldə edilə bilər və biz buna nail olmaq üçün onlarla işləməyə davam edəcəyik”.

Miller bəyanatında açıq-aşkar qeyd edib ki, əgər sülh müqaviləsi imzalanacaqsa, burada tərəflər Azərbaycan və Ermənistandır. Əgər sülh müqaviləsi üzrə danışıqlar aparılacaqsa, burada tərəflər yenə də Azərbaycan və Ermənistandır. Üçüncü bir dövlət tərəf deyil və onların şərhi nəzərə alınmır. Amerikalı diplomat incə yolla Rusiyaya izah etməyə çalışır ki, Rusiya və Amerikada bu məsələdə tərəf yox, dəstəkçi ola bilər. Müqavilənin imzalanması sırf iki dövlətin iradəsindən asılıdır. Eyni zamanda, Miller ABŞ rəsmisi Bononun regiona səfərini və tərəflərlə görüşü barədə boş yerə fikir bildirməyib. Diplomat vurğulayır ki, səfər yenicə baş tutub və həm Azərbaycan, həm də Ermənistan sülh müqaviləsi ilə bağlı mövqelərində dəyişməz qalıblar. Rusiyanın Qonçar timsalında açıqlaması bulanıq suda balıq tutmaqdan başqa bir şey deyil.

Bununla yanaşı, Miller açıqlamasının son abzasında məsələyə nöqtə qoyub. Amerikalı diplomat qeyd edib ki, Vaşinqton hesab edir ki, Ankara bu məsələdə məhsuldar rol oynaya bilər. ABŞ rəsmisinin sülh müqaviləsi ilə bağlı məsələdə Ankaranın rolunu qabartması əbəs deyil. Birləşmiş Ştatlar Rusiya qarşısında Türkiyə kartını işə salmağın artıq vaxtının çatdığını vurğulayıb. Sülh müqaviləsində Azərbaycan və Ermənistandan başqa tərəf olacaqsa, sadəcə və sadəcə Türkiyəni tərəf kimi gördüklərini Rusiya siyasi elitasına başa salıb. Türkiyənin isə məsələdə mövqeyi məlumdur: Azərbaycanın bütün istəkləri və şərtləri yerinə yetirilməlidir. İndi Rusiyanın Türkiyə faktoru və Azərbaycanın dəyişməz mövqeyi qarşısında hansı siyasi kurs tutacağını növbəti danışıqlar göstərəcək…

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?