Milli Məclisin sədr müavini Adil Əliyev: Böyük Qayıdış Proqramı uğurla icra edilir

 

Ölkəmiz növbəti dəfə böyük bir tədbirə ev sahibliyi edir. “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunu daha da əlamətdar edən hadisə sözügedən tədbirin işğaldan azad edilmiş Zəngilan rayonunda keçirilməsidir. Şərqi Zəngəzurda keçirilən ilk Milli Şəhərsalma Forumu ölkəmizdən və xarici ölkələrdən 200-dən artıq qonağın iştirakı ilə keçirilir. Forum iştirakçılarına 30 ildən artıq müddətdə həyatın dayandığı Şərqi Zəngəzurda və Qarabağda 3 il kimi qısa müddətdə görülən işlərin əyani nümayiş etdirilməsinə imkan yaranıb. Otuz ilə yaxın müddət ərzində Ermənistanın işğalda saxladığı Qarabağa və Şərqi Zəngəzura bu gün həyat qayıdır. Məhz Ermənistanın işğalçı siyasəti nəticəsində vətəndaşlarımız uzun müddət dədə-baba yurdlarından ayrı düşüb.

 

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ermənistana qarşı qəbul etdiyi 4 qətnamə 30 il ərzində nəinki icra olunmayıb, əksinə Ermənistan ölkəmizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməkdən, təxribatlardan çəkinməyib. İşğalçı dövlətin daha əvvəlki iki prezidenti kimlər ki, birbaşa olaraq xalqımıza qarşı törədilmiş soyqırım cinayətlərinə görə birbaşa cavabdehdirlər. Qeyd olunan müddət ərzində münaqişənin həll olunmasını istəməyə Ermənistan rəhbərləri bu müddət ərzində yalnız danışıqları imitasiya edərək münaqişənin həllini yubatdılar. Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərini öz işğallarında saxlayaraq, hüquqlarımızı kobud şəkildə pozdular, dünyaya işğalçı siyasətlərini nümayiş etdirməkdən çəkinmədilər.

 

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.

 

Qeyd edib ki, ölkə kontekstində suverenliyimizin bərpa edilməməsi, sərhədlərimizin pozulmasında izhar olunan bu davranış, vətəndaşlarımızın da bir çox hüquqlarını kobud şəkildə tapdaladı. Vətəndaşlarımız yalnız öz yurdlarından didərgin düşmədilər, həm də bu cinayətlərdə əzizlərini, yaxınlarını itirdilər və illərlə onların məzarlarını belə ziyarət edə bilmədilər. Beynəlxalq ictimaiyyət isə baş verənlərin qarşısında susurdu, nəinki Ermənistana sanksiya tətbiq etmir, heç bu dövləti törətdiyi cinayətlərə son qoymağa çağırmır, qınamırdı.

 

Keçmiş Minsk qrupunun üzvləri ATƏT-dən mandat almaqlarına baxmayaraq, əməldə heç bir addım atmadığını, münaqişənin həllini qeyri-müəyyən müddətə təxirə salmaqla, pozulmuş hüquqlarımıza göz yumduğunu vurğulayan Milli Məclis sədrinin müavini deyib: “Ermənistanın törətdiyi cinayətlərə qarşı atılmayan addımlar, beynəlxalq hüquq normalarının bu ölkə tərəfindən hər dəfə daha kobud şəkildə pozulmasına gətirib çıxarırdı. Azərbaycanın münaqişənin sülh yolu ilə tənzimlənməsi barədə atdığı addımlara qarşılıq verməyən Ermənistan, əksinə yeni ərazilərin işğalına cəhd edir və çoxsaylı təxribatlar törədirdi.

 

Məhz sonuncu belə təxribatların qarşısını almaq məqsədilə, 2020-ci ilin sentyabrın 27-də bütün cəbhəboyu əks-hücum əməliyyatları başladı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu 44 gün kimi qısa müddət ərzində düşmən üzərində tarixi qələbə qazanaraq, bizə şanlı Qələbə bəxş etdi. Müzəffər Ali Baş Komandan noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edilməsi xəbərini verdi. Şuşa zəfərindən iki gün sonra isə Ermənistan kapitulyasiya aktına qol çəkməyə məcbur oldu, bununla da məğlubiyyətini rəsmiləşdirdi. Hansı ki, çox yox cəmi 1 il əvvəl bu ölkənin baş naziri beynəlxalq tribunadan “Qarabağ Ermənistandır və nöqtə” demiş və bununla da münaqişənin həllinin sülh yolu ilə mümkün olmadığını rəsmi olaraq elan etmişdir. 2020-ci ilin 10 noyabr tarixində isə Ermənistan rəhbərliyi kapitulyasiya aktını imza etməklə Azərbaycanın Zəfərini qəbul etməyə məcbur oldu.

 

Düşmən işğal altında saxladığı bu dövr ərzində bölgəni tamamilə istismar edib, daşınması, satılması mümkün olan hər şeyi məhv edərək, sıradan çıxarıb. İşğal altında olan 67 məsciddən 65-ni tamamilə dağıdıb, 2-sini isə qəzalı vəziyyətə salıb, dini abidələrdən tövlə kimi istifadə etməklə bizimlə bərabər bütün inanclıların hissiyyatına toxunub”.

 

Diqqətə çatdırıb ki, müharibədən dərhal sonra isə işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi altında böyük quruculuq işlərinə başlandı. Bu günədək bərpa işlərinə büdcədən 7 milyard ABŞ dolları həcmində pul ayrılıb, “ağıllı kənd”, “ağıllı şəhər” kimi layihələr böyük sürətlə realizə edilir. Yeni avtomobil yolları qurulur, dəmir yolu sistemi yaradılır ki, bu da qısa müddətdə daşımaların qardaş Türkiyə vasitəsilə Avropaya çatdıralacağına şərait yaradacaq. Artıq istifadəyə verilmiş Füzuli və Zəngilandakı Beynəlxalq Hava Limanları ilə bərabər Laçındakı üçüncü hava limanının tikintisi sürətlə davam edir. Şərqi Zəngəzurda və Qarabağda bütün infrastruktur qurularaq istifadəyə verilib, hazırda prosess sürətlə davam edir və bu sahədə sistemli iş aparılır.

 

“Məhz görülən bu işlər vətəndaşlarımızın öz evlərinə qayıtdıqdan sonra daha rahat yaşamasına hesablanıb. Bu gün Qarabağa və Şərqi Zəngəzura həyat qayıdıb, məcburi köçkünlərin Vətən həsrətinə son qoyulur və uzun illərdən sonra evlərinə geri dönürlər. Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıdan həmvətənlilərimiz üçün hər cür yüksək şərait yaradılıb, onların bütün məsələlərinə, eləcə də məşğulluq siyasətinə yüksək dəstək verilir. Hər həftə işğaldan azad olunmuş ərazilərə geri qayıdan ailələrin sevinclərini görürük. Xalqımızın sevincin səbəbkarı isə Prezident, Müzəffər Ali Baş Komandanın iradəsi və Rəşadətli Azərbaycan Ordusunun şücaətidir”, – deyə Adil Əliyev bildirib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?