Milli Məclis “Aviasiya haqqında” yeni qanunu təsdiqləyib

By Admin Ara22,2023

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Aviasiya haqqında” yeni qanun üçüncü oxunuşda qəbul edilib.

 

“Report”un xəbərinə görə, qanun 15 fəsil və 68 maddədən ibarətdir.

 

Qanunda göstərilib ki, aviasiya sahəsində daşıyıcı yükü qəbul etdikdən sonra 3 ay ərzində onu sahibinə çatdırmazsa, yük əksi sübut edilənə qədər itirilmiş sayılacaq. İtirilmiş və yaxud məhv olmuş yükün dəyəri tam ödəniləcək.

 

Sənəd hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

 

Qanunda aviasiya sahəsində dövlətin əsas məqsəd və vəzifələri müəyyən edilib. Təhlükəsizliyin gücləndirilməsi, icazələrin sadələşdirilməsi və şəffaflaşdırılması, hər kəs üçün bərabər imkanların yaradılması, ədalətli rəqabətin təmin edilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

 

Sənəddə “Hava limanları, aerodromlar və helikopter meydançaları” adlı, habelə axtarış və xilasetmənin təşkili ilə bağlı ümumi tələbləri özündə əks etdirən yeni fəsillər əlavə olunub. Layihədə, həmçinin beynəlxalq təcrübəyə uyğun olaraq hava gəmilərinin dövlət uçotunun aparılması və qeydiyyat sertifikatlarının verilməsi ilə əlaqədar müddəalar yer alıb. Hava daşımaları fəslində təkmilləşdirmələr aparılıb. Bununla yanaşı, layihədə mülki pilotsuz uçuş aparatlarına dair yeni fəsil əlavə edilib. Əlavədə bu aparatların layihələndirilməsi, istehsalı, istismarı üçün ümumi tələblər müəyyən olunur.

 

Qanunda mülki pilotsuz uçuş aparatı sistemlərinin istismarı sahəsində xidmətlərə və yaxud hüquqi hərəkətlərə görə dövlət rüsumlarının müəyyən edilməsi nəzərdə tutulur. Mülki pilotsuz uçuş aparatlarının layihələndirilməsinə və istehsalına dair tələblərin müəyyən edilməsi də nəzərdə tutulur.

 

Sənədə əsasən, həmin tələblər aşağıdakılardır:

 

– pilotsuz uçuş aparatı sistemləri əməliyyatının iştirakçısının, havada və yerdə olan pilotsuz uçuş aparatı sistemləri əməliyyatının iştirakçısı olmayan şəxslərin, o cümlədən mülkiyyətin təhlükəsizliyini təmin etməli;

 

– istənilən uçuş şəraitində yarana biləcək risklərə mütənasib davamlılıq nümayiş etdirməli;

 

– istismar olunduğu istənilən şəraitdə, həmçinin sistemlərin biri, yaxud bir neçəsində nasazlıq baş verdikdə, təhlükəsiz idarə edilə bilən və manevr qabiliyyətinə malik olmalı;

 

– onların mühərrikləri, pərləri, hissələri, quraşdırılmamış avadanlığı və məsafədən idarə edilməsi üçün avadanlığının bütün istismar şəraitlərində saz işləməsi, habelə hər hansı nasazlıq zamanı yerdə olan üçüncü şəxslərin və digər hava məkanı istifadəçilərinin təhlükəsizliyinə qarşı yarana biləcək riskləri azaltmalı;

 

– pilotsuz uçuş aparatını məsafədən idarə etmək üçün nəzərdə tutulmuş avadanlıqları ilə uçuş əməliyyatlarını asanlaşdırmalı, habelə ehtimal olunan hər hansı vəziyyət və fövqəladə halların idarə edilməsini mümkün etməli.

 

Müzakirələrdən sonra qanun səsverməyə çıxarılaraq III oxunuşda təsdiqlənib.

 

Qeyd edək ki, hazırda Azərbaycanda 2005-ci ildə qəbul edilmiş “Aviasiya haqqında” qanun qüvvədədir. Bu illər ərzində avasiya sahəsində baş verən böyük texnoloji yeniliklər və bu sahədə geniş tənzimləməyə ehtiyac yeni qanunun qəbul edilməsini şərtləndirib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?