Hyuston şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyi və Zəfər Günü qeyd edilib

By Admin Kas10,2023

 

 

ABŞ-ın Texas ştatının Hyuston şəhərində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzinin (USACI) təşkilatçılığı ilə baş tutan tədbirdə yerli ictimaiyyətin, ölkəmizə dost icmaların nümayəndələri və soydaşlarımız iştirak ediblər.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın və ABŞ-ın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Günel Ağasoyun moderatorluğu ilə aparılan tədbiri giriş sözü ilə USACI-nin rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Samir Novruzov açaraq, soydaşlarımızı xalqımızın tarixində mühüm yer tutan Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, yaşadığı dövrün bütün çətinliklərinə baxmayaraq, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ölkəmizin dünya birliyinə inteqrasiya olunmasında müstəsna xidmətləri olub.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev Texas ştatında yaşayan soydaşlarımızı Zəfər Günü, Dövlət Bayrağı Günü, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası münasibətilə təbrik edib. Bu il dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirildiyini vurğulayan sədr müavini Ulu Öndərin Vətənimiz qarşısında misilsiz xidmətlərindən danışıb, onun əsas arzusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu tərəfindən yerinə yetirildiyini xatırladıb. “Ulu Öndərin öz kökünə, xalqına məhəbbətini ifadə edən məşhur “Mən fəxr edirəm ki, azərbaycanlıyam” misrasını hamımız qəlbimizdə məhəbbətlə daşıyırıq. Hesab edirik ki, Heydər Əliyev irsi həm xalqımız, həm də dünya təcrübəsi üçün mühüm məktəbdir. Milli-mənəvi, eləcə də ümumbəşəri dəyərlərə söykənən bu irs Qələbəyə aparan yoldur”, – deyə E.Əliyev vurğulayıb.

 

Azərbaycanın ABŞ-dakı səfirliyinin konsulu Mahmud Mahmudov, Dallas Universitetinin müəllimi, astrofizika üzrə professor Dürdanə Balakişiyeva, jurnalist Sofiya Tabarovskaya Ümummilli Lider Heydər Əliyev, onun ABŞ-a və Hyustona səfərləri ilə bağlı xoş xatirələrini bölüşüblər. Sofya Tabarovskayanın Heydər Əliyevin 30 il öncə Texasa səfəri zamanı yerli radioya müsahibəsinin bir hissəsini səsləndirməsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Natiqlər Zəfər və Bayraq günlərinin xalqımızın və dünya azərbaycanlıların həyatında rolundan danışıblar.

 

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzənin Heydər Əliyevlə bağlı xatirələri, azərbaycanlı tarixçi, “Bakının sirləri” televiziya layihəsinin müəllifi və teleaparıcı Fuad Axundovun tarixi hadisələr barədə çıxışı tədbir iştirakçılarına videoformatda çatdırılıb.

 

Tədbir Ulu Öndər Heydər Əliyevə həsr olunmuş və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə ərsəyə gəlmiş “Böyük sənət hamısı” sənədli filminin nümayişi ilə davam edib.

 

Bədii hissədə Davud Əsgərlinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri, o cümlədən Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndirilib.

 

Ətraflı

 

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?