“Ədəbiyyatın gücünə, sözün qüdrətinə inamım itib” – Tural Cəfərov

By Admin Eki7,2023

“3-5 manat dərdi çəkən adam əlbəttə ki, ortaya əsər qoya bilməz. İnsanın təməl ehtiyacları ödənilməlidir. Həm yazıçıların, həm oxucuların maddi təminatını yüksəltmək çox önəmlidir. Biri rahat oturub romanını yaza bilməlidir, digəri də o kitabı ala bilməlidir. Ədalətli və humanist cəmiyyət qurulmalıdır və bu cəmiyyət ədəbiyyatla, incəsənətlə qurulur, meyxana ilə yox”.

Bu sözləri Metbuat.az-a müsahibəsində yazıçı Tural Cəfərov deyib. Həmin müsahibəni təqdim edirik:

Tural bəy, yaradıcılıq necə gedir? Hazırda hansı işlərlə məşğulsunuz?

Son 2 ildə sistemli olaraq köşə yazıları yazıram. Yaradıcılıq baxımından isə böyük bir layihəmiz olacaq bu yaxınlarda, onunla məşğulam. Detalları verə bilməyəcəyəm. Bədii əsərlə bağlı isə son zamanlar demək olar heç nə yazmıram. Bir kitab yazmağa başladım, 90-cı illərlə bağlı, publisistik, sənədli bir kitab. Bir az yazdım, bu yeni layihə ilə bağlı dayandırdım.

Ümumilikdə isə son dövrlərdə ədəbiyyatın gücünə, ədəbiyyatın cəmiyyəti dəyişdirəcəyinə, sözün qüdrətinə inamım sanki itib. Bu reallıqdır ki, Azərbaycanda da, dünyada da artıq söz əvvəlki funksiyalarını yerinə yetirə bilmir. Bir tərəfdən baxanda görürük ki, bəli, ədəbiyyat var, yeni əsərlər yazılır, yeni kitablar çap olunur, imza günləri keçirilir, sosial şəbəkələrdə kitabların müzakirəsi gedir. Lakin ümumi baxanda görürük ki, ədəbiyyat 50-100 il əvvəl olduğu kimi funksional deyil. Məsələn, 1937-ci ildə SSRİ-də ədəbiyyat adamlarına qarşı repressiyalar oldu, Çində böyük mədəni inqilab zamanı, ABŞ-da makkartizm dövrüdə sənət adamları sıxışdırıldı. Çünki, o dövrlərdə hakimiyyətlər sözdən çəkinirdilər. Müasir dövrdə isə həddən artıq çox söz var. Bir şey çoxdursa, o əhəmiyyətini itirir. Əgər biz “Netflix”də, “Youtube”də film axtaranda qarşımıza minlərlə film çıxırsa, bu əslində müəyyən mənada filmin ölməyi deməkdir. Film həddən artıq çoxdur, hansının yaxşı olduğunu, hansının əhəmiyyətli olduğunu bilmirik. Dediklərimin mübahisəli olduğunu bilirəm, lakin biz müasir dövrdə ilk olaraq bunu həll etməliyik.

Son illərdə kino sahəsinə istiqamətlənmisiniz, bu necə baş tutdu?

Onu deyə bilərəm ki, zaman keçdikcə, yeni tendensiyalar üzə çıxır. Bugünkü modern cəmiyyətlərdə isə daha çox kinonun yüksəliş dövrüdür. İnsanlar digər incəsənət sahələrindən daha çox kinoya baxırlar. Kino da olmasa, ekrana baxırlar. İndi hər kəsin bir ekranı var. 50-60-cı illərdə bütün ailə eyni ekrana baxırdısa, indi artıq hərənin öz ekranı var. Tarixin heç bir dövründə etmədiyimiz qədər ekran məhsulu, video istehlak edirik. Mənə elə gəlir ki, bir insanın öz hekayəsini anlatması baxımından kino son dərəcə dəyərlidir. Mənim üçün ədəbiyyat həmişə əsas, əhəmiyyətli olub. Çox sevdiyim bir polyak rejissor var – Kşiştof Kyeslovski. Onun ömrünün sonlarında verdiyi bir müsahibədə ondan soruşulanda ki, rejissor olduğunuz üçün peşmansınız? Deyir bəli, gərək yazıçı olardım. Çünki, yazmaq üçün insanın çox az bir şeyə ehtiyacı var. Amma kino üçün böyük büdcələr tələb olunur, böyük komanda tələb olunur və s. Kyeslovskinin arqumenti mənə çox doğru gəlir. Ona görə də, nə qədər kinoya yönəlsəm də, ssenarilər yazsam da, mən hər şeydən əvvəl yazıçıyam, özümü ədəbiyyatda xoşbəxt hiss edirəm.

Kinonun bu günü ilə bağlı nə düşünürsünüz?

Bir tərəfdən baxanda görürük ki, kino bir əyləncə kimi ortaya çıxıb, sonradan isə fəlsəfi bir haləyə bürünüb. Bugünkü dövrdə isə məncə belə bir proses gedir ki, bir tərəfdən məhdud bir kütlənin izlədiyi festival filmləri çəkilir, digər tərəfdən isə geniş kütləyə xitab edən filmlər. “Netflix” də buna nümunədir. Getdikcə bu iki növ filmlər arasındakı sərhədlər daha çox qorunur ki, fikrimcə bu təhlükəlidir. Çünki bizim insanlarla bölüşmək istədiyimiz dəyərlər, hekayələr var ki, onlar mümkün qədər çox insana çatmalıdır. Kino sahəsinə keçməyimdə səbəblərdən biri budur. Filmlər arasında belə bir bölgünün aparılmasını qəbul etmirəm. Necə yəni bir festival filmir var, bir belə film var? Film filmdir. Yaxşıdır, pisdir, bu başqa məsələ. Necə ki, Oskar Uayld deyirdi, əxlaqlı ya da əxlaqsız əsər yoxdur, yaxşı ya pis əsər var. Təəssüf ki, belə bir bölgü aparılır.

Azərbaycanda çəkilən filmləri necə, izləyirsiniz? Əksər hallarda filmlərimiz tənqidlə qarşılanır…

Azərbaycanda çəkilən film və serialları əlbəttə, vaxt olduqca izləyirəm. Bizdə bir problem var ki, Hollivuda, Türkiyəyə baxırıq, deyirik onlar nə gözəl çəkirlər, bizdə niyə belə çəkilmir? Bu bir tərəfdən yaxşıdır ki, insanlar daha yaxşısını istəyirlər. Digər tərəfdən, bu işlər böyük iqtisadi struktur hesabına, maliyyə hesabına başa gəlir. İnsanlar bunu başa düşmürlər. Azərbaycanda əgər bir filmi 50-100 min insan izləyəcəksə, o filmin yaşamaq hüququ var, 300-500 nəfər üçün “Youtube”yə pulsuz yüklənəcəksə, yoxdur. Təəssüf ki, müasir dövrdə film istehlakçı hesabına formalaşır.

Məsələn, deyirlər ki, o vaxt Nizami bütün əsərlərini hökmdarların sifarişi əsasında yazıb. Bəli, çünki o vaxt yeganə maliyyələşmə yolu bu idi. Şair sifarişlə əsər yazmaqla, çap xərclərindən, yaşam xərclərindən azad olurdu. Günümüzdə o rolu insanlar daşıyır. Yaxşı filmlər yaratmaq istəyiriksə, bizim cəmiyyətin də bədii-estetik zövqü yüksək olmalıdır. Baxıram ki, insanlar telekanallardan, xəbər saytlarından daha yaxşısını tələb edirlər. Lakin gəlin görək, o insanlar bu qurumlara pul xərcləyirmi? Mən əminəm ki, Azərbaycanda 20 min tirajla satılan və insanlar tərəfindən maliyyələşdirilən bir qəzet olsaydı, o qəzet onu maliyyələşdirən quruma yox, insanlara hesabat verməli olacaqdı. Çünki onu yaşadan xalqdır. Biz isə bu cəhətdən öz məsuliyyətimizi kənara qoyuruq və kolbasa sexlərinin maliyyələşdirdiyi filmlərdən yüksək keyfiyyət gözləyirik.

Universitetdə müəllim kimi fəaliyyət göstərirsiniz. Günümüzün gəncləri sizdə hansı təəssüratı oyadır?

Bu günün gənclərinin təfəkkürü, düşüncəsi əvvəlki nəsillə müqayisədə son dərəcə fərqlidir. Daha yenilikçidirlər, qlobal hadisələri daha asan görürlər. Son dövrlərdə xaricdə təhsil alan gənclərin də sayı artır, istər-istəməz ictimai şüur da dəyişilir. Bunlar son dərəcə müsbət tendensiyalardır. Lakin belə bir tendensiya var son zamanlar ki, insanlar xaricə can atırlar. Sovet vaxtı da bu var idi, lakin imkan yox idi. Halbuki insanlar buranı yaşanılacaq ölkə etməyə çalışmalıdırlar. Bunu gəlib bizim yerimizə xarici təşkilatlar, Avropa Birliyi, Şanxay İttifaqı filan etməyəcək. Bizim gənclərimizə aşılamalı olduğumuz şey budur.

Əvvəllər şikayət edirdik ki, insanlar kitab oxumur. Sanki son illərdə gənclər arasında kitaba maraq artdı, sosial şəbəkələrdə qruplar, səhifələr və məzmunlar yayılmağa başladı. Lakin cəmiyyətə ümumi baxanda, sanki mütaliə edənlər yox, sadəcə kitab satışları artıb…

Dünyadakı rəqəmlərə baxıram, doğrudan da dünyada kitab satışı getdikcə artır. Lakin əhali sayının artımı ilə müqayisə etdikdə, bu artım o qədər də güclü deyil. Ölkəmizdə son illərdə mütaliəyə maraq artıb. Mən tələbə olduğum illərdə kitab mağazaları yox idi, ədəbi mühit ölmüş vəziyyətdə idi və s. Lakin burada da bayaq danışdığımız problem var. Kitab bazarında o qədər çox müəllif, çox kitab var ki. Ortada heç bir meyar yoxdur. Müəyyən etmək olmur ki, nə yaxşıdır, nə pis.

Adətən deyirlər ki, sovet vaxtı bizim yazıçılar yaxşı oxunurdu. Elə idi, lakin o vaxt mədəni əlaqələr güclü deyildi, nadir hallarda dünya ədəbiyyatı rus və azərbaycan dillərinə tərcümə edilirdi, rəqabətsiz mühit var idi. Lakin indi mənim kitabımın yanında Frans Kafkanın, Remarkın kitabı satılır. Həddən artıq çox kitab var. Bu seçim çoxluğunun içində xüsusən hazırlıqsız oxucu tamamilə çaş-baş qalır. Nəşriyyatların işi təkcə kitab çap etdirmək deyil. Kitab bazarını yönləndirmək, insanları istiqamətləndirmək – bizdə bu çatmır. Buna görə də, ədəbi jurnallar olmalıdır. Ədəbi jurnallarda müəyyən estetik səviyyə müəyyən edilir və buradan insanlar asanlıqla müəllif, kitab seçə bilirlər.

Meyxana ilə bağlı müzakirələrdə sizi çox görürük. Sizcə bir meyxanaçı ilə yazıçının, ziyalının debata çıxarılması cəmiyyətin faciəsi deyil?

Meyxanaçılarla debata çıxmaq faciəvi deyil, faciə elə meyxananın özünün mövcud olmasıdır. Əlbəttə ki, İQ səviyyəsi məndən 15 dəfə aşağı olan biri ilə üz-üzə durmaq xoş bir şey deyil. Lakin biz yazıçıyıq və bizim bir ictimai mübarizəmiz var. O meyxanaçılara nəyisə başa salmaq üçün orada oturmuruq, bu, xalq üçündür. Xalqa fikrimizi çatdırmaq üçündür. Düşünürəm ki, yazıçının əsas borcu insanların maariflənməsini təmin etməkdir. Bunun üçün meyxanaçı ilə üz-üzə oturmaq lazımdırsa, bunu da edərik.

Məncə o müzakirələr daha çox sosioloq, kulturoloqların sahəsidir. Bizdə bu cür mütəxəssislər yoxdur deyə, bütün müzakirələrə yazıçıları çağırırlar. Necə düşünürsünüz?

Bir tərəfdən deyirlər ki, meyxana da ədəbiyyatdır, onda elə bu barədə ədəbiyyatçılar danışmalıdır. İkincisi, mənim öz ixtisasım da sosial fəlsəfədir və bu sahəni mütəxəssislərdən pis bilmirəm. Həm də meyxana nə qəliz məsələdir ki, ora sosioloq da çağıraq? “Nəşə” çəkib ağzına gələn şeyləri qafiyəyə salıb demək nə dərəcədə əhəmiyyətli şeydir ki? Biz meyxana cəmiyyəti deyilik, ola da bilmərik. Bu xalqın böyük tarixi keçmişi var. 1537-ci ildə Füzuli “Leyli və Məcnun”u dilimizdə yazıb. 500 il əvvəl Azərbaycan dilində belə bir əsər yaranıb. Bütün cəmiyyətlərdə neqativ meyillər olur, cəmiyyəti aşağı çəkmək istəyən qüvvələr olur. Bu bütün dünyada var.

Bayaq qeyd etdiyiniz kimi, günümüzdə sənət böyük ölçüdə maliyyədən asılıdır, məsələn 3-5 manat dərdi çəkən adam ortaya ciddi bir sənət çıxara bilməz deyə fikirləşirəm…

3-5 manat dərdi çəkən adam əlbəttə ki, ortaya əsər qoya bilməz. İnsanın təməl ehtiyacları ödənilməlidir. Həm yazıçıların, həm oxucuların maddi təminatını yüksəltmək çox önəmlidir. Biri rahat oturub romanını yaza bilməlidir, digəri də o kitabı ala bilməlidir. Ədalətli və humanist cəmiyyət qurulmalıdır və bu cəmiyyət ədəbiyyatla, incəsənətlə qurulur, meyxana ilə yox. Digər tərəfdən, son dövrlərdə bizim yazıçı və şairlər arasında belə bir dərvişlik başlayıb ki, pul olsun yazaq. Folknerin çox sevdiyim sözü var, deyir, elə bir yazıçı yoxdur ki, zənginləşdikdən sonra daha yaxşı əsərlər yazsın. Bir məsələ də var ki, insan yaza bilmirsə, bəhanələr çox olur. Mən gündə 8 saat işlədiyim zamanlarda da öz romanımı yazırdım. Sadəcə insanda istək, inam lazımdır.

Müsahibə üçün təşəkkür edirəm.

Cavidan Mirzəzadə / Metbuat.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?