Zəfər Günü üçün fədakarlığı ilə məşhurlaşan arxa cəbhə qəhrəmanı – Hikmət baba

Vətən müharibəsi günlərində Silahlı Qüvvələrə, daha sonra Yaşat Fonduna təqaüdündən ianələr köçürən və bu xeyirxah əməllərini bu gün də davam etdirən Hikmət baba 70 yaşını baş tacımız Şuşada qeyd edib. Xeyirxahlığından qalmayan bu ahıl insanın indi bir arzusu var. Xankəndidə dalğalanan bayrağımızı öpmək və Türkiyəyə gedib zəlzələdən zərər görən şəhərlərdən birində ən azı bir həftə qardaşlıq köməyini göstərmək.

 

AZƏRTAC xəbər verir ki, müzəffər ordumuzun Ermənistan üzərində qələbəsinin üçüncü ilinin tam olduğu bu günlərdə ön cəbhədəki qəhrəmanlarımız kimi arxa cəbhə insanlarının da mərdliyi, xeyrxahlığı yenidən xatırlanır. Hamının artıq Hikmət baba kimi tanıdığı şəkili Hikmət Musayevin müharibənin ilk günləri təqaüdündən ordumuza, Silahlı Qüvvələrə yardım etməsini də unutmamışıq. Zəfər Günü üçün fədakarlığı ilə məşhurlaşan Hikmət babanın qapısı bu günlər qonaqlı-qaralıdır. Əməkdaşımız Zəfər Günü Hikmət babaya baş çəkib onun kef-əhvalını xəbər alıb, qayğıları ilə maraqlanıb.Üç il əvvəl Vətən müharibəsi başlayan gündən hamının sözündə Vətən kəlməsi, əsgər duası, qələbə ruhu vardı. Elə Şəkinin Baş Küngüt kəndindən olan Hikmət baba kimi. O Hikmət baba ki, özü yararsız evdə yaşayıb, ayağına ayaqqabı almağa qıymayıb, köhnə ayaqqabıları ilə “ASAN xidmət” mərkəzinə gələrək ordumuza ianə etmişdi. Bir gündə bu ahıl insanın xeyrxahlığından nəinki Azərbaycan, dünya xəbər tutdu desək yanılmarıq.

 

Doğulduğu kənddə sadə bir həyat tərzi keçirən Hikmət babagilə çatanda həyətdə yır-yığış etdiyini görürük. Həmişəki kimi həyətdə üçrəngli bayrağımız dalğalanır. Xüsusən əlamətdar günlərdə Hikmət babanın ziyarətinə nəinki Şəkidən, qonşu rayonlardan eləcə də paytaxt Bakıdan çox sayda qonaq təşrif buyurur. Bu illərdə Rusiya və Türkiyədən də onun ziyarətinə gələnləri az olmayıb.Xeyirxah əməllər sahibi Hikmət baba ilə söhbətləşirik. Bildirir ki, üç il əvvəl müharibənin ilk həftəsində, orduya yardım etdiyi ilk 180 manatı öz halal təqaüdündən yığmışdı. Silahlı qüvvələrə ödədiyi ilk 180 manatı o xırda-xırda yığıb əyin-baş almaq üçün saxlayıbmış. Müharibə başlayanda fikrini dəyişir və dostların məsləhəti ilə “ASAN Xidmət” mərkəzinə yollanır.

 

“Bu, lazımlı, vacib işdir. Niyə bizim əsgərlər nədənsə korluq, əziyyət çəksin. Borcumdur, ürəyimdən gəlib, eləmişəm”,- deyən, ahıl insan sonrakı müddətdə Yaşat Fonduna da ianələr edib. Bütün bunların fonunda Hikmət baba ən böyük arzu və istəyinə çatır. İctimai Televiziya rəhbərliyi təşəbbüs göstərərək onu Azərbaycanın baş tacı Şuşaya aparır və 70 yaşını burada qeyd edirlər.

 

Yeri gəlmişkən Hikmət babanın Türkiyə sevdası, Türkiyə ilə döyünən ürəyi, arzuları da az deyil. Qardaş ölkədə baş verən zəlzələ faciəsindən sonra rayondakı rəsmi qurumlara üz tutaraq onun da həmin ərazilərə fəhlə kimi aparılmasını xahiş edir. Lakin Vətən müharibəsində olduğu kimi bu dəfə də onu ağsaqqal kimi hörmətlə qarşılayıb, ehtiramla yola salırlar. O isə nəcib əməlini təqaüdündən Türkiyəyə vəsait ödəməklə davam etdirir.

 

Hikmət babanın bu xeyirxahlığı barədə Türkiyənin keçmiş Xarici İşlər Naziri Mövlud Çavuşğolu rəsmi tədbirlərdən birində qürurla “Azərbaycandan olan amcamız öz əməkli təqaüdünü zəlzələdən əziyyət çəkənlərə bağışladı”,- deyə ifadə edir və iki qardaş xalq arasındakı bağların sarsılmazlığının əbədi olduğunu bir daha diqqətə çatdırır.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?