“Mən yanımda tarixi şəxsiyyət yox, həyat yoldaşımı istəyirəm”.
“Report” xəbər verir ki, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya BBC-yə müsahibəsində deyib.
O bildirib ki, ailəsi ilə birlikdə vaxt keçirə bilmir:
“Amma biz gücümüzü qoruyuruq. Həm emosional, həm də fiziki gücümüzü”.
Y.Zelenskaya deyib ki, müharibə başlayanda uşaqları ilə birlikdə aylarla gizli yerlərdə qalıb:
“Müharibə başlayandan bəri daimi adrenalin yaşayıram. Zaman keçdikcə anlayıram ki, sakitləşmək, mövcud şəraitə uyğunlaşmaq lazımdır”.
Ukraynanın birinci xanımı həyat yoldaşı ilə birlikdə yaşamadığını bildirib:
“Bizim bir-birimizi görmək imkanımız var, lakin istədiyimiz qədər yox. Oğlum atası üçün darıxır. Qızımın 19 yaşı var. Səyahət etmək istəyir, planları var. Amma indi arzularını reallaşdırmaq üçün imkanı yoxdur. Bu, məni narahat edir”.
Bundan başqa, Y.Zelenskaya həyat yoldaşı Volodimir Zelenskiyə inamını ifadə edib:
“Mən ona inanıram və onu dəstəkləyirəm. Bilirəm ki, onun kifayət qədər gücü var. Onun gücünə hazırda hamımızın ehtiyacı var.
Mən tanıdığım hər bir insan üçün bu vəziyyətin daha çətin olacağını düşünürəm. O, həqiqətən çox güclü və möhkəm insandır. Və bu möhkəmlik hazırda hamımızın ehtiyac duyduğu şeydir. Qələbəyə böyük ümidimiz var, amma bunun nə vaxt olacağını bilmirik”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Məlumata görə, V. Zelenskinin həyat yoldaşı və uşaqları hazırda Ukraynada deyil. Amma onların harada qaldıqları açıqlanmır.