Yanğına görə Kliniki Tibbi Mərkəzin (KTM) Yenidoğulmuşlar şöbəsinə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır.
“Report” xəbər verir ki, bunu KTM-in Yenidoğulmuşlar şöbəsinin uzman pediatr-neanotoloqu Aysel Qədimova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, şöbəyə 15 körpə gətirilib. Onlardan 6 nəfərin vəziyyəti ağırdır: “Bu körpələrin vaxtından əvvəl doğulması ilə əlaqədardır. Durumu ağır olan 6 körpədən 3-ü süni tənəffüs aparatına, digər 3-ü isə sipap aparatına qoşulub. Reanimasiyadan olan körpələrin yaxın zamanlarda palataya köçürülməsi nəzərdə tutulmur”.
A.Qədimova bildirib ki, KTM-ə təxliyə olunan körpələrin heç birində yanıq xəsarətləri aşkarlanmayıb: “15 körpədən 6-sı qız, 9-u isə oğlandır”.