Xankəndidə keçirilən hərbi parad dünyaya bir daha nümayiş etdirdi ki, Qarabağ Azərbaycandır

 

Noyabrın 8-də Azərbaycanın dilbər guşəsi Xankəndi şəhərində Vətən müharibəsində qazanılan Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənildi. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ailə üzvləri ilə birlikdə həmin paradda iştirak etməsi onun qalib sərkərdə, qətiyyətli, cəsarətli, uzaqgörən dövlət başçısı olduğunu bir daha dünyaya bəyan etdi. Dünya ictimaiyyəti bu dəfə də “Qarabağ Azərbaycandır!” reallığının şahidi oldu. Xankəndi paradı bu reallığı əyani şəkildə təsdiqlədi. Silahlı Qüvvələrimizin parad heyətləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Şuşa şəhərinə sancılan – Qələbənin rəmzinə çevrilən Zəfər Bayrağını, ardınca Azərbaycan Ordusunun və qoşun növlərinin, lokal xarakterli antiterror tədbirlərində iştirak etmiş hərbi birləşmələrin döyüş bayraqlarının Xankəndi şəhərinin mərkəzi meydanına gətirmələri hər bir soydaşımızı qürurlandırdı. Parad heyətlərinin keçidindən sonra antiterror tədbirləri zamanı işğalçı erməni hərbi birləşmələrindən müsadirə olunmuş hərbi texnikaların kiçik bir qisminin qoşqular üzərində Xankəndi şəhərinin mərkəzi meydanına gətirilməsi həm Ermənistana, həm də onun havadarlarına göz dağı oldu.

 

Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə AZƏRTAC-a açıqlamasında bildirib.

 

Hüquq müdafiəçisi deyib ki, bu unudulmaz mənzərə Azərbaycanın dünyada qalib ölkə olduğunu bir daha təsdiqlədi. Xankəndəki hərbi parad həm Ermənistana, həm də onun havadarlarına növbəti mesaj oldu: “Bir də başınızı qaldırıb Azərbaycan ərazisinə soxulmaq istəsəniz, aqibətiniz bundan da pis olacaq. Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdur. Heç bir dövlət də Azərbaycanın daxili işlərinə qarışa və ərazisinə göz dikə bilməz”. Antiterror tədbirləri zamanı müsadirə edilmiş hərbi texnikaların və nəqliyyat vasitələrinin nömrə nişanlarından hazırlanan və üzərində “Zəfər” sözü həkk edilən lövhənin meydana gətirilməsi Ermənistan ordusunun məğlubiyyətinin nümayişi idi.

 

Ç.Qənizadə deyib ki, son 20 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət sayəsində onun verdiyi vədlərin layiqincə yerinə yetirdiyinin şahidi olmuşuq. İşğal altında olan ərazilərimizin azad edilməsi, keçmiş məcburi köçkün soydaşlarımızın doğma ata-baba yurdlarına qayıdacaqları barədə vədi hər kəsə xəyal kimi görünürdü. Çünki həmin dövrdə Azərbaycan beynəlxalq aləmdə təklənir, Ermənistanın isə havadarlarınn sayı getdikcə artırdı. İyirmi il əvvəl belə mürəkkəb və çətin bir dövrdə cənab İlham Əliyev Prezident kimi andiçmə mərasimində söz vermişdi ki, gün gələcək, biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Həmin gün yetişdi. Artıq işğal altında olan torpaqlarımız düşməndən azad edilib. Sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycanın ərazisi tam bərpa edildi. İndi işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Bayrağı dalğalanır. Xankəndi paradı şanlı Zəfərimizin pik nöqtəsi oldu.

 

Komitə sədri bütün bunların əsasını siyasi və iqtisadi sahə aparılan uğurlu islahatlar təşkil edir. Siyasi müstəvidəki düşünülmüş strategiya nəticəsində dünya birliyi artıq Azərbaycanın haqlı tərəf olduğunu dərk etdi. İqtisadi sahədəki uğurlar isə islahatların aparılmasına, xüsusilə ordu quruculuğunun inkişafına, yeni hərbi hissələrin yaradılmasına, Silahlı Qüvvələrimizin müasir tipli silah-sursatla təmin olunmasına imkan yaratdı: “Yeri gəlmişkən, xalqımızı Qələbəyə aparan əsas amillərdən biri ordu quruculuğunun bir nömrəli vəzifə kimi qarşıya qoyulması oldu. Ordumuzun maddi-texniki, silah-sursatla təchizatı, döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi qələbəyə aparan əsas amillərdir. Silahlı Qüvvələrimizin dünyanın 50 ən güclülərindən biri olması döyüş meydanlarında da özünü nümayiş etdirdi. Bu il oktyabrın 15-də Prezident İlham Əliyevin Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə Azərbaycan Bayrağını qaldırması ölkəmizin suverenliyinin tam şəkildə bərpa edildiyinin dünyaya nümayişinin bariz nümunəsi oldu. Dörd il bundan əvvəl Xankəndi şəhər stadionunda Ermənistanın baş nazirinin çıxışı zamanı təkəbbürlə “Qarabağ Ermənistandır və nöqtə” deməsinə layiqli cavab verildi: “Qarabağ Azərbaycandr və nida”.

 

Ç.Qənizadə dövlətimizin başçısının Xankəndi paradındakı çıxışında düşmənə və onun havadarlarına ciddi mesaj verdiyini vurğulayaraq qeyd edib: “Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, Xankəndi şəhərində təşkil olunmuş parada nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Biz bütün vəzifələri icra etmişik”.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?