Xalqa bağışlanmış ömürdən anlar: 2003-cü ilin martı

 

 

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

 

X X X

 

12 mart. Prezident Heydər Əliyev ABŞ-dan vətənə qayıtdı, hava limanında jurnalistlərə müsahibə verdi.

 

13 mart. Londona birgünlük səfər etdi.

 

17 mart. Təhlükəsizlik Şurasının geniş tərkibdə iclasını keçirdi.

 

19 mart. Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi.

 

20 mart. Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyinə qatıldı.

 

24 mart. Bakıda Baş Kafedral kilsənin açılış mərasimində iştirak etdi.

 

Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilatın hazırlıq komissiyasının icraçı katibi Volfqanq Hoffmannı qəbul etdi.

 

29 mart. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının binasında aparılan tikinti-bərpa işlərinin gedişi ilə tanış oldu.

 

31 mart. Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar xalqa müraciət etdi.

 

Şəhidlər xiyabanını ziyarət etdi.

 

X X X

 

Prezident Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu prosesi uğurla davam edir, iqtisadi-sosial çətinliklər arxada qalır, Azərbaycan tədricən inkişaf yoluna çıxırdı. 2003-cü il martın 20-də Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyindəki çıxışında Ulu Öndər son on ildə keçilən yola nəzər saldı, əldə edilən nailiyyətləri diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycanda ardıcıl olaraq demokratik dövlət quruculuğu həyata keçirilir. İqtisadiyyat inkişaf edir, xalqımın rifah halı günü-gündən yaxşılaşır. Respublikanın hər yerində, hər bir bölgədə ictimai-siyasi sabitlik bərqərar olub. İnsanlar rahat, sərbəst yaşayır, öz işləri ilə məşğuldur. Bütün bunlara görə də Azərbaycan xalqı öz adət-ənənələrini, milli-mənəvi dəyərlərini bərpa edib və öz milli bayramlarını yüksək səviyyədə qeyd edir.

 

Novruz bayramını çadır şəhərciklərdə keçirən soydaşlarımızın ağır şəraitdə yaşadıqlarını təəssüf hissi ilə vurğulayan Prezident Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına və məcburi köçkünlərin öz yurdlarına qayıdacaqlarına inamını ifadə etdi.

 

Sitat: Xalqımız rahat yaşayır. Ancaq bu günlərdə bu bayramı çadır şəhərciklərində keçirən soydaşlarımız da var. Onlar neçə ildir ki, ağır şəraitdə yaşayırlar. Ancaq yaşayırlar və böyük ümidlə yaşayırlar. Onlar böyük əzmkarlıq göstərirlər, dözümlülük göstərirlər və bu dözümlülüyə görə də mən bütün qaçqınlara, məcburi köçkünlərə, çadır şəhərciklərində yaşayan soydaşlarımıza bu bayram günü xüsusi təşəkkürümü bildirirəm. Mən çadır şəhərciklərində yaşayan soydaşlarımızı, vətəndaşlarımızı bu bayram günü xüsusi təbrik edirəm və onlara, bütün xalqımıza bildirirəm ki, bu günün ömrü azdır. Azərbaycan dövləti Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi yolunda ardıcıl fəaliyyət göstərir və ümidvaram ki, bunun nəticəsində biz torpaqlarımızın azad edilməsinə nail olacağıq. Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik və didərgin düşmüş soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”.

 

Bu gün Azərbaycan unikal tolerantlıq məkanı kimi tanınır. Respublikamızda bütün xalqların və dinlərin nümayəndələri, o cümlədən pravoslav əhali dinc yanaşı yaşayır, onların hüquqları etibarlı surətdə qorunur. Bunun bariz nümunələrindən biri də 2003-cü il martın 24-də Bakıda Baş Kafedral kilsənin bərpadan sonra açılışı oldu. Açılış mərasimindəki çıxışında kilsənin tarixçəsindən, sovet hakimiyyəti dövründə din xadimlərinin acınacaqlı aqibətindən danışan Prezident Heydər Əliyev xatırlatdı ki, XX əsrdə, ümumən, xristian və İslam dinləri kimi, bu məbəd də böyük sınaqlara məruz qalıb. Bir çox onilliklər boyu rus pravoslav əhalinin dini ayinlər icra etdiyi yer olan kilsə 1920-ci ildə bağlanıb, yepiskop öldürülüb. Azərbaycan ziyalılarının, Azərbaycanın din xadimlərinin də aqibəti belə olub. Ötən əsrin 20–30-cu illərində onların bir çoxu günahsızcasına repressiya olunub, hər şeydən məhrum edilib.

 

Ulu Öndər rus pravoslav əhalinin hazırda heç bir problemlə üzləşmədiyini vurğulayaraq bəyan etdi ki, onlar bundan sonra da Azərbaycanda azad yaşaya, işləyə, sevimli işi ilə məşğul ola, ölkəmizin ictimai həyatında fəal iştirak edə bilərlər. Baş Kafedral kilsənin açılması pravoslav xristianların və bütün xristianların birləşməsinə kömək edəcək və eyni zamanda, Azərbaycanda xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcək.

 

Prezident, həmçinin qeyd etdi ki, müstəqil Azərbaycan dövləti qarşısında duran vəzifələri həyata keçirərək, hüquqi və demokratik cəmiyyət quraraq, ötən illər ərzində tolerantlıq sahəsində də bir çox irəliləyişlərə nail olub.

 

Sitat: “Sovet hakimiyyəti illərində Azərbaycan xalqı üçün qadağan edilənlərin çoxu bərpa olundu, xalqın, insanların istifadəsinə verildi, o cümlədən yepiskopluq yaradıldı, səhv etmirəmsə, 1998-ci ildə o, Bakı və Xəzəryanı bölgə yepiskopluğu statusu aldı. Yeri gəlmişkən, bu, yəni, Bakı və Xəzəryanı bölgə yepiskopluğu sovet hakimiyyətindən əvvəl də mövcud idi. 1934-cü ilədək bir çox onilliklər ərzində mövcud olmuş, amma sonralar bunların hamısı ləğv edilmişdir. Şükür ki, bunların hamısını bərpa etmək, pravoslav xristianlara və bütün xristianlara bu dini təşkilatın imkanlarından bəhrələnməyə şərait yaratmaq mümkün oldu. Budur, həmin fəaliyyətin nəticəsi göz qabağındadır və bu qədim məbəd bərpa edilmişdir”.

 

Qeyd edək ki, milli-dini tolerantlıq mühitinin qorunub möhkəmləndirilməsinə yönəlmiş siyasət son iyirmi ildə Prezident İlham Əliyev tərəfindən dönmədən davam etdirilib. Nəticə göz önündədir: dünyada tolerant ölkə kimi nümunə göstərilən Azərbaycan, eyni zamanda, sivilizasiyalararası dialoq məkanına çevrilib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?