Noyabrın 10-da qardaş ölkədə Türkiyə Respublikasının qurucusu, Böyük Öndər Mustafa Kamal Atatürkün vəfatının 85-ci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.
AZƏRTAC xəbər verir ki, paytaxt Ankarada Böyük Öndərin əziz xatirəsini anmaq məqsədilə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dövlət və hökumət nümayəndələri Türkiyə xalqının böyük oğlunun məzarını – Anıtqəbiri ziyarət edib.
Mustafa Kamal Atatürkün gözlərini əbədi olaraq yumduğu an – Türkiyə vaxtı ilə saat 09:05-də bütün ölkədə dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anıtqəbirdə Türkiyənin Dövlət Himni – “İstiqlal marşı” səsləndirilib.
Prezident Rəcəb Tayyib Ərdoğan Anıtqəbirin “Xatirə kitabı”na ürək sözlərini yazıb.
Türkiyənin bütün bölgələrində anım mərasimləri keçirilir.
Səksən beş il əvvəl əbədiyyətə qovusan Mustafa Kamal Atatürkün əziz xatirəsi türk xalqının qəlbində dərin kök salıb.