Xəbər verdiyimiz kimi, Atlantik okeanında turistləri “Titanik” gəmisinin qəzaya uğradığı yerə aparan sualtı qayıq itib.
Metbuat.az CNN-ə istinadən xəbər verir ki, gəmi itdikdən sonra ilk dəfə səslər eşidilib. Qeyd edilib ki, bu səslər qayıqda qalan insanların səsləri ola bilər.
Məlumat üçün bildirək ki, qayıqda 5 nəfər var. Onlar “Blue Origin” raketi ilə kosmosa uçan britaniyalı milyarder və dəfələrlə cənub qütbündə olmuş 58 yaşlı britaniyalı səyyah Hamiş Harding, “OceanGate Expeditions” şirkətinin baş direktoru 61 yaşlı Stockton Ruş, britaniyalı iş adamı 48 yaşlı Şahzadə Davud, onun 19 yaşlı tələbə oğlu Süleyman Davud, keçmiş Fransız Dəniz Donanmasının dalğıcı 77 yaşlı Paul-Henry Nargeoletdir.
Xatırladaq ki, təşkil edilən 8 günlük turun qiymətinin adambaşına 250 min dollar olduğu məlum olub.
Məlumat üçün bildirək ki, “Titanik”in qalıqları Atlantik okeanının dibində, Kanadanın Nyufaundlend sahillərindən təxminən 600 kilometr aralıda, 3800 metr dərinlikdə yerləşir. “Titanik” 1912-ci ildə İngiltərənin Sauthempton şəhərindən ABŞ-nin Nyu-Yorka ilk səfəri zamanı aysberqlə toqquşaraq batıb. Gəmidə 2200 sərnişin və ekipaj üzvlərindən ən azı 1500-ü həlak olub.