Teleqram üzərindən vətəndaşlara “@ Postbot” vasitəsilə yaradılmış fişinq mesajlar göndərilir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (CERT) Axar.az-a bildirilib ki, çox zaman bu mesajlar dost və ya tanış adından gəldiyinə görə güvənli hesab olunur və məlumatsız vətəndaşlar bu tələyə düşüb öz fərdi məlumatlarını daxil edirlər.
Nömrəni daxil etdikdən sonra, həmin nömrənin Teleqram hesabına təsdiq kodu göndərilir. Bu kod Teleqram hesabına başqa cihazlardan daxil olmaq üçün istifadə olunan koddur. Əgər kod düzgün şəkildə daxil edilərsə, sizin Teleqram hesabınız ələ keçirilmiş sayılır və kiberdələduzlar bundan istifadə edərək başqa vətəndaşlara sizin adınızdan real kimi görünən həvəsləndirici fişinq mesajları göndərəcəklər.
Vətəndaşlara “@ PostBot” vasitəsi ilə gələn mesajlara daxil olmamaq, şübhəli keçidlər vasitəsilə bank, mobil nömrə və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməmək tövsiyə olunur.
Əgər vətəndaşlar artıq “@ PostBot” vasitəsi ilə gələn mesajlara daxil olublarsa, aşağıda qeyd etdiyimiz addımları həyata keçirmək tövsiyə olunur:
1. Teleqram hesabı üçün iki mərhələli təsdiqləməni aktivləşdirin;
2. Sizə gələn təsdiqləmə kodunu heç kimlə paylaşmayın;
3. Teleqram hesabına qoşulmuş cihazlara nəzarət edin;
4. Tətbiq icazələrini doğru tənzimləyin.