“Sərnişin və yükdaşıma qaydalarının pozulmasına görə yeni cərimələrin tətbiqi taksi şirkətlərində qiymət artımlarına səbəb olacaq. Çünki cəmiyyətimizdə istənilən sahədə qiymət artımına meyllilik mövcuddur və qalxan qiymətin enməsinə ölkəmizdə çox az təsadüf edilib”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.
O, yanvarın 1-dən tətbiq olunan qanundan sonra taksi şirkətlərində qiymətlərin artırılacağı ilə bağlı yayılan iddialara toxunub.
Xatırladaq ki, dəyişikliyə əsasən, buraxılış kartı olmadan və ya sərnişin və yük daşıma qaydalarını pozmaqla, taksi fəaliyyəti göstərən şəxslər 40 manat məbləğində cərimə ediləcəklər.
A. Əsədovun sözlərinə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi AYNA vasitəsilə müəyyən prosedur qaydalarının həyata keçirilməsi üçün texniki təminatı işə salmalıdır:
“Bu təminat isə yoxdur. Bu, olmadığı üçün qiymət artımından danışmaq düzgün deyil. Əgər hər hansı bir qiymət artımı varsa, bu, artıq sui-istifadə hallarıdır, yəni bağışlanmayan bir məsələdir. Taksi fəaliyyətində müxtəlif qanun pozuntularına görə cərimələr formal şəkildə hesablansa da, AYNA bu sistemi tam işə salıb sürücülərə buraxılış kartları verməyib. Ona görə də bu kartlar verilmədən kiməsə cərimə yazmaq və bu qanunu tətbiq etmək doğru deyil və qanunsuz sayılır”.
“Fikrimcə, bir çox özəl taksi şirkətləri də qiymətləri qaldıracaq. Çünki müəyyən baza prinsipləri və qiymətlərini eşidən istənilən şirkət qiymət artımına gedəcək. Bu fəaliyyət isə özündə ənənəvi taksi sistemini ehtiva edəcək. Yəni bunu keçmişə qayıdış kimi qiymətləndirmək olar.
Hər bir məsələdə insan amili, proses və iş varsa, narazılıq daim olacaq. İş və insan amili olan yerdə taksi və müştərilər arasında mübahisələr olacaq. Bundan sonra yalnız imkanlı şəxslərin taksilərədn istifadə edəcəyi ilə bağlı fikirlər tamamilə yanlışdır. Çünki müştərilər arasında seçimin aparılması məhz bir sıra problemlərə gətirib çıxara bilər ki, mənə görə, bu, düzgün yanaşma deyil”, – deyə mütəxəssis fikirlərini tamamlayıb.