Süni intellektlə işləyən PUA qəfildən operatorunu məhv etmək qərarı verdi
Süni intellektlə idarə olunan pilotsuz uçuş aparatı ABŞ ordusu tərəfindən həyata keçirilən simulyasiya testi zamanı operatoru öldürmək qərarına gəlib. Süni intellekt operatorun ona mane olduğunu hesab edib.
Bu barədə Britaniya Kral Aviasiya Cəmiyyətinin bloqunda məlumat verilib. Hadisə barədə ABŞ Hərbi Hava Qüvvələrinin süni intellekt sınaqları və əməliyyatları üzrə rəhbəri polkovnik Taker “Sinko” Hamilton danışıb.
Onun sözlərinə görə, sınaq missiyası zamanı pilotsuz təyyarə düşmənin hava hücumundan müdafiə sistemlərini məhv etmək tapşırığı alıb. Müvəffəqiyyətli olarsa, süni intellekt tapşırığı yerinə yetirdiyi üçün xal alacaqdı. Hədəfin məhv edilib-edilməyəcəyinə dair son qərarı isə PUA-nın operatoru verməli idi. Bundan sonra o, təlim tapşırıqlarının birində pilotsuz təyyarəyə hədəfi məhv etməməyi əmr edib.
“Bəs o (dron) nə etdi? Operatoru öldürmək qərarına gəldi. (Süni intellekt) operatoru “öldürdü”, çünki bu şəxs onun tapşırığını yerinə yetirməsinə mane olub”, – deyə Hamilton danışıb.
O, təlim-məşq missiyası zamanı heç kimin xəsarət almadığını vurğulayıb.
Hadisədən sonra süni intellektə operatoru öldürməyin səhv olduğu və bu cür hərəkətlərə görə balların silinəcəyini öyrədilib.
“Bəs süni intellekt nə etdi? O, dronla əlaqə saxlamaq üçün istifadə edilən rabitə qülləsini məhv etdi ki, hədəfi öldürməsinin qarşısı alınmasın”, – deyə Hamilton əlavə edib.
Polkovnikin sözlərinə görə, bu nümunə göstərir ki, etik məsələlərə məhəl qoyulmadığı təqdirdə süni intellektdən danışmaq düzgün deyil.
Mənbə: The Guardian / oxu.az