İntensiv yağışlar nəticəsində torpaq sürüşməsinin baş verdiyi və təhlükəli vəziyyətin yarandığı nəzərə alınaraq, İsmayıllı rayonu, Qoydan kəndində təhlükə altında olan evlərin sakinlərinin köçürülməsi ilə bağlı aidiyyəti üzrə qərar qəbul edilib.
Musavat.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin sakinlərin köçürülməsi işlərinə başlanılıb.
Bu məqsədlə əraziyə cəlb olunan FHN-in Mülki Müdafiə Qoşunlarının qüvvələri tərəfindən sakinlərin və onların əmlaklarının təhlükəsiz əraziyə köçürülməsi işləri həyata keçirilir.
***
İsmayıllı rayonunun Qoydan kəndində torpaq sürüşməsi nəticəsində sakinlərin təxliyəsinə başlanılıb.
Bu barədə “Report”a İsmayıllı Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd edilib ki, sakinlərin müvəqqəti olaraq kirayə evlərə köçürülməsi nəzərdə tutulur.
Qeyd edək ki, bir neçə gündür intensiv yağışlar nəticəsində rayonun Qoydan kənd ərazisində torpaq sürüşməsi baş verib. Təbiət hadisəsi kənd sakinlərinin evlərinə xeyli ziyan vurub, yaşayış üçün təhlükəli vəziyyət yaranıb.
Ötən gün Qızıl Aypara Cəmiyyəti tərəfindən kənd sakinlərinə müvəqqəti məskunlaşmaq üçün xüsusi çadırlar verilməsinə baxmayaraq, artıq bu gündən FHN-in əməkdaşları sakinlərə kəndi dərhal tərk etməyi tövsiyə ediblər. Onların bir hissəsinin qohum evlərinə, bir hissəsinin isə kirayə mənzillərə köçürülməsi nəzərdə tutulur.
Hazırda kənddə təxliyə işləri davam edir.