Rusiyalı milyarder kimi tanınmış, Rusiya Federasiyası vətəndaşlığından çıxıb Ermənistan vətəndaşlığını qəbul edərək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” olmuş Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddəti uzadılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu haqda Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə qərar qəbul edib.
Qərara əsasən R.Vardanyanın həbsdə saxlama müddəti 4 ay uzadılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.