Venesuela hakimiyyəti Rusiya ilə birgə neft hasilatının əvvəlki səviyyəsini bərpa etmək niyyətindədir. Son illər hasilat səviyyəsi sutkada 120-150 min barelə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil Pinto bildirib.
“Əlbəttə, sanksiyalar rejimi istehsala çox təsir etdi, ilk mərhələdə məqsəd indi fərqli iş sxemi olan “Rosneft” şirkəti ilə cəmi bir neçə il əvvəl əldə etdiyimiz səviyyəni bərpa etməkdir” – deyə İvan Gil Pinto əlavə edib.
O, həmçinin qeyd edib ki, hakimiyyət Venesuelanın dövlət neft-qaz şirkəti PDVSA-nın əldə etdiyi razılaşmaya əsasən, Rusiya şirkətləri ilə birgə müəssisələrdə iştirakla bağlı danışıqları bərpa etməyə razılaşıb.
Keçən ilin dekabrında Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirmişdi ki, Rusiyanın PDVSA ilə sutkada 80 min barel hasil edən beş birgə müəssisəsi var.
Bu ilin iyulunda Venesuelanın neft naziri Pedro Rafael Tellechea isə bəyan etmişdi ki, Rusiya-Venesuela birgə müəssisələrindən biri hasilatı 2022-ci illə müqayisədə 95 faiz artırıb. Onun sözlərinə görə, Rusiya ilə beş birgə müəssisənin ümumi hasilat həcmi təqribən 120 min barel/gün təşkil edir.