Xilas olmaq istəyirsinizsə, Azərbaycana gedin! Burada səmimi münasibət görə, vətəndaşlıq və təhlükəsizliyə zəmanət ala bilərsiniz.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı ravvini Zamir İsayevin Ermənistanda qalan sonuncu yəhudilərə müraciətində deyilir.
“Bu yaxınlarda İrəvanda yaşayan bir neçə yəhudi mənimlə əlaqə saxlayıb. Onlar böyük təzyiq altındadır və Holokost terminologiyasından istifadəyə qarşı çıxan Avropa, Amerika, İsrail, eləcə də müsəlman ölkələrinin ravvinlərinin təşəbbüsünə görə təhdid edilirlər. Xalqımızın faciəsi olan Holokostun xatirəsindən Ermənistan rəhbərliyi tərəfindən öz siyasi məqsədləri üçün istifadə edilməsinə qəzəblənməyə bilmirəm”, – Z.İsayev videomüraciətində bildirib.
Ravvin Ermənistanda yaşayan bir neçə yəhudiyə bu ölkəni tərk etməklə bağlı müraciət edib: “Axı təhdid olunduğunuz ölkədə yaşaya bilməzsiniz. Əgər Ermənistanda mənim sözlərimə görə cavabdehlik daşıdıqlarını düşünürlərsə, bu ölkədən getsinlər! Əgər siz Holokost yaddaşından mənfur siyasi məqsədlər üçün istifadənin müdafiəsinə məcbur edilirsinizsə, oradan çıxın! Daha yaxşısı, yəhudilərə qardaş kimi baxılan Azərbaycana gəlin!”
Z.İsayev Ermənistanı tərk etmək istəyənlərə onunla feysbuk vasitəsilə əlaqə saxlamağı tövsiyə edib: “Əgər valideynlərinizdən heç olmasa biri yəhudidirsə, 1991-ci ildən əvvəl verilmiş doğum haqqında şəhadətnaməniz varsa, mənimlə əlaqə saxlayın. Açıq şəkildə öhdəmə götürürəm ki, sizi Azərbaycanda yaxşı qarşılayacaqlar, vətəndaşlıq alacaqsınız və təbii ki, təhlükəsizliyiniz təmin ediləcək. Hətta İsraildə deyirlər ki, Azərbaycan yəhudilərin yaşaması üçün ən təhlükəsiz yerlərdən biridir”.