“Pley-offda yaxşı matçlar oynamaq istəyirik. Niyə yenidən növbəti mərhələyə yüksəlməyi xəyal etməyək?”
“Report” xəbər verir ki, bunu “Qarabağ”ın braziliyalı futbolçusu Julio Romao ölkəsinin “Tntsports” nəşrinə açıqlamasında deyib.
25 yaşlı yarımmüdafiəçi UEFA Avropa Liqasındakı çıxışlarından məmnun qaldığını bildirib: “Biz çox güclü qrupda yer almışdıq və bunun asan olmayacağını da bilirdik. Almaniyanın məşhur “Bayer 04″ komandası rəqiblərimizdən biri idi. İstəyimizə nail olmaq üçün çox iş görməliydik. Bunu bacardığımız üçün xoşbəxtik. Növbəti raunda yaxşı şəkildə hazırlaşmaq üçün qarşıdakı oyunlara diqqət yetirməliyik”.
Romao pley-offda Portuqaliya təmsilçilərindən biri ilə üz-üzə gəlmək istədiyini söyləyib: “Çünki “Qarabağ”a keçməmişdən əvvəl bu ölkədə çıxış edirdim. Bu, əla olardı. İki mövsüm “Santa-Klara”da oynadım. Amma hansı komanda düşsə, hazır olmalıyıq. Çox çalışmalı və performansımızın aşağı düşəməsinə imkan verməməliyik”.
Qeyd edək ki, H qrupunda 10 xalla ikinci yeri tutan “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor”dur (Donetsk, Ukrayna). Püşkatma mərasimi dekabrın 18-də olacaq. Bu raundun oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək