“Neftçi” Türkiyədə “Beşiktaş”a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun başlama saatının dəyişdirilməsinə aydınlıq gətirib.
Bu barədə “Report”a “ağ-qaralar”ın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev açıqlama verib.
O, görüşün başlama saatının dəyişdirilmədiyini bildirib: “Beşiktaş” tərəfi də bizə dedi ki, sistemdə 21:00 (Bakı vaxtı ilə 22:00) göstərmişik. UEFA-nın səhvinin olduğunu deyiblər. Avropa futbol qurumunun rəsmi saytında 20:00 (Bakı vaxtı ilə 21:00) göstərildiyi üçün hamı belə bilib. Dünən bizim yanımızda zəng etməyə çalışırdılar ki, UEFA səhvini düzəltsin”.
Qeyd edək ki, “Neftçi Arena”dakı ilk matçda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə məğlub olub.