Naxçıvan Daxili İşlər Nazirliyi muxtar respublikada uşaq oğurluğu hallarının olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.
“Report”un yerli bürosunun sorğusuna cavab olaraq, qurumdan bildirilib ki, bununla bağlı məlumatlar həqiqəti əks etdirmir.
“Naxçıvan Muxtar Respublikasında uşaq oğrularının dolaşması barədə “WhatsApp” hesabları vasitəsilə insanlara göndərilən xəbərlər tamamilə dezinformasiyadır”, – nazirlikdən qeyd olunub.
Xatırladaq ki, “WhatsApp” proqramı vasitəsilə sakinlərə Naxçıvanda uşaq oğrularının olduğu barədə mesajlar göndərilib. İddiaya görə, naməlum şəxslər Qaraxanbəyli məktəbinin qarşısında 5-ci sinif şagirdini oğurlamağa cəhd ediblər. Həmin mesajlarda bir qadının evləri dolaşaraq uşaqların sayını dəqiqləşdirdiyi bildirilir.