Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Almaniya Federativ Respublikasının kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında keçirilmiş qeyri-rəsmi görüşün yekunlarına dair mətbuata açıqlama verib.“Biz indicə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts ilə çox yaxşı görüş keçirdik. Bizim may ayında Brüsseldə müzakirə etdiyimiz məsələləri nəzərdən keçirmək, əlaqələndirmə, təhlükəsizlik, sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı müzakirə aparmaq imkanımız oldu. Bu görüş iyulun 21-də Brüsseldə keçiriləcək növbəti toplantıya çox yaxşı hazırlıq idi. Bu o deməkdir ki, biz çox gərgin çalışırıq. Biz münasibətlərin normallaşdırılması istiqamətində bütün müsbət səyləri dəstəkləmək niyyətindəyik və həmçinin bəyan etdik ki, Prezident Əliyevi, Baş nazir Paşinyanı, kansler Şoltsu və Prezident Makronu Avropa Siyasi Birliyinin İspaniyada keçiriləcək növbəti toplantısı çərçivəsində yenidən görüşə dəvət etmək niyyətindəyik. Bu o deməkdir ki, biz Avropa İttifaqı tərəfindən münasibətlərin normallaşdırılması istiqamətində daha çox irəliləyişə nail olmağa yardım etmək üçün əlimizdən gələni edəcəyik”.