“Dadaş Azərbaycanda ağırlıqqaldıranların lideridir”.
“Report” xəbər verir ki, bunu ağır atletika üzrə Azərbaycan millisinin baş məşqçisi Emil Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəylinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən dünya çempionatında bürünc medal qazanmasını dəyərləndirib. E.Əliyev bunu böyük uğur adlandırıb: “Dadaşın güclü rəqibləri var idi. Eyni çəkidə çıxış edənlər arasında olimpiya və dünya çempionları yer alırdı. Onlarla mübarizə aparmaq çox çətin idi. Buna baxmayaraq, Dadaş yaxşı nəticə göstərərək, öz sözünü deyə bildi. Ona növbəti yarışlarda da böyük ümidlər var”.
Qeyd edək ki, 109 kq çəki dərəcəsində çıxış edən idmançı birdənqaldırmada 180 kq, təkanlaqaldırmada 223 kq-ı ram edərək hər iki hərəkətdə bürünc medal əldə edib. Toplam 403 kq (180+223) nəticə göstərən Dadaşbəyli dünya çempionatının yekun sıralamasında da 3-cü yeri tutaraq fəxri kürsüyə qalxıb.