Millinin baş məşqçisi: “Bu, Azərbaycan futbolu adına tarixi uğurdur”

“Bu, Azərbaycan futbolu adına tarixi uğurdur. Futbolda ilk dəfə belə səviyyədə nailiyyət əldə etmək bizə qismət oldu”.

 

Bunu “Report”a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının C Liqasında yer aldıqları 3-cü qrupu birinci pillədə başa vurmaları ilə bağlı danışarkən deyib.

 

Mütəxəssis qrupda 16 xal toplamalarının onlar üçün gözlənilməz olduğunu etiraf edib: “Hələ püşkatmadan sonra məqsədimiz qrupdan çıxmaq idi. Təbii ki, həmin vaxt kimsə desəydi ki, 16 xal toplayacağıq, inandırıcı görünməzdi. Çünki milli komanda olaraq 3-cü turnirimizi keçirirdik. Əsas rəqib Monteneqro sayılırdı. Onlara qarşı çətinlik çəkəcəyimizi düşünürdük. Monteneqronu səfərdə məğlub edəndə qrupu birinci pillədə bitirməyi hədəflədik. Qızların klublarından hazırlıqlı gəlmələri çıxışımıza böyük təsir göstərir. Digər ölkələrdə legioner həyatı yaşayırlar, hamısı start heyətin üzvüdür. Xüsusən də Türkiyə çempionatının səviyyəsi son illər çox artıb. İlk oyundan son matça qədər bütün gücümüzlə çıxış etdik. Hətta zədəli halda meydana çıxanlar da oldu. Farer adaları ilə son turun qarşılaşması bir az çətin alındı. Çünki matçdan əvvəl qrup birinciliyini təmin etmişdik, qızlarda arxayınlıq yarana bilərdi. Çətin də olsa, onları oyuna kökləyə bildik”.

 

Baş məşqçi növbəti hədəfin bu uğuru Avropa çempionatının seçmə mərhələsində təkrarlamaq olduğunu bildirib: “Martda Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq. Püşk zamanı B səbətində yer alacağıq. Halbuki buna qədər C səbətində qərarlaşırdıq, iki güclü rəqiblə düşürdük. Ancaq bu dəfə yalnız A səbətindən çox çətin rəqibin düşəcəyini hesab edirik. Püşk bir az da üzümüzə gülsə, Avropa çempionatına vəsiqə qazana bilərik. Qızlarda özlərinə güvən o qədər artıb ki, bu komanda ilə Avropa çempionatında da uğurlu çıxış edəcəyimizə inanıram. Əsas odur ki, zədəlilərimiz olmasın. Çünki seçim imkanımız elə də geniş deyil”.

 

Siyasət Əsgərov hazırda yeni milliləşdirmənin gündəmdə olmadığını sözlərinə əlavə edib: “Aşağı yaş qruplarında olan bəzi istedadlı oyunçuları diqqətdə saxlayırıq. Elə Farer adaları ilə dünənki qarşılaşmada da 2004-cü il təvəllüdlü bir gənc futbolçuya debüt imkanı yaratdıq. Bu cür gəncləri milliyə qazandırmağa çalışırıq”.

 

Qeyd edək ki, Millətlər Liqasında Monteneqro, Kipr və Farer adaları ilə eyni qrupda çıxış edən Azərbaycan millisi 5 qələbə, 1 heç-heçəyə imza ataraq B Liqasına yüksəlib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?