Azərbaycanın Malayziyadakı səfirliyi Vətən müharibəsində Qələbəmizin 3-cü ildönümü münasibətilə tədbir təşkil edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanın və Türkiyənin Malayziyadakı diplomatik nümayəndəliklərinin təmsilçiləri, Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.
Ölkəmizin Malayziyadakı səfiri İrfan Davudov müasir Azərbaycan dövlətçiliyinin tarixinə nəzər salaraq, 1991-ci ildə özünün dövlət müstəqilliyini bərpa etsə də, müstəqilliyin ilk illərinin Azərbaycan üçün kifayət qədər çətin, mürəkkəb və xaotik mərhələdən keçdiyini qeyd edib. Məhz belə bir zamanda xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti, qətiyyəti və həyata keçirdiyi hərtərəfli islahatlar, əsasını qoyduğu yeni neft strategiyası nəticəsində Azərbaycanın dövlətçilik təməli möhkəmlənib, onun layiqli davamçısı Prezident İlham Əliyevin strateji zəkası nəticəsində ölkəmiz dinamik inkişaf yolunda uğurla irəliləyərək regionda lider dövlətə çevrilib.
Diplomat, həmçinin Azərbaycanda müasir ordu quruculuğunun və müdafiə sənayesinin yaradılmasının da Ümummilli Liderin adı ilə bağlı olduğunu deyib, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin daha da gücləndiyini, ən müasir və yüksək texnologiyalı silahlarla təchiz edildiyini, əsgər və zabitlərimizin hərbi-texniki baxımdan peşəkarlığının və mənəvi-psixoloji hazırlığının ən yüksək standartlara cavab verən səviyyəyə çatdırıldığını bildirib.
Türkiyənin Malayziyadakı səfiri Emir Salim Yüksel Zəfər Günü Azərbaycanın dünyada tətbiq edilən ikili standartlara baxmayaraq, Prezident İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində şanlı Qələbə qazandığını diqqətə çatdırıb. O, həmçinin Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, ölkələrimizin bu dostluq və qardaşlıqdan aldığı güclə bir millət kimi gələcəyə ümidlə baxdığını vurğulayıb.
Sonra Bakı Media Mərkəzi tərəfindən hazırlanmış “Zəfər Meydanı” adlı sənədli film nümayiş etdirilib.
Daha sonra bədii hissə olub, Qarabağın, xüsusilə Şuşanın gözəlliyini tərənnüm edən musiqi nümunələri səsləndirilib.