Bilirəm ki, statistika hər bir hücumçu üçün vacibdir. Həmişə oyunlarda mümkün qədər yaxşı çıxış etməyə, çox qol vurmağa və komandaya kömək etməyə çalışıram.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli cari mövsümdəki çıxışı barədə Xorvatiya mətbuatına müsahibəsində deyib.
26 yaşlı hücumçu hazırkı formasından razı olduğunu bildirib: “Amma bilirəm ki, daha yaxşısını edə bilərəm. Təəssüf ki, komanda yoldaşım Şpikiç zədələndi. Amma mənim mütəmadi oynamaq şansım məhz bundan sonra yarandı. Mənə etimad göstərdiyi üçün baş məşqçiyə təşəkkür edirəm. İstəyim ümidləri doğrultmaq və əsas heyətdə oynamağa layiq olduğumu göstərməkdir. Hər futbolçu mümkün qədər çox oynamaq istəyir. Hesab edirəm ki, bu, normal haldır”.
“Dinamo”nun yeni baş məşqçisi Sergey Yakiroviçlə münasibətlərindən də danışan forvard onun gəlişindən sonra daha çox şans qazandığını söyləyib: “Daha əvvəl də yaxşı oyunlarım olmuşdu, amma heyətə düşməkdə çətinlik çəkirdim. İndi bu imkanım var və təbii ki, mənim üçün hər şey daha asandır. Həm hücumun mərkəzində, həm də arxasında oynamağa üstünlük verirəm. Amma cinah da mənə yad mövqe deyil. Baş məşqçi hara qoysa, əlimdən gələni edəcəyəm. Qol vuranda və ya məhsuldar ötürmə edəndə məndən xoşbəxt adam olmur. Yakiroviç əla məşqçidir, bizim həqiqətən çox yaxşı münasibətimiz var. Yaxşı oyunumun bir hissəsi də onun payına düşür. Əlbəttə, inamdan da çox şey asılıdır. Belə olanda meydanda özünü daha sərbəst hiss edirsən”.
O, növbəti turda “Hayduk”a qarşı keçirəcəkləri çempionat oyununa ciddi hazırlaşdıqlarını vurğulayıb: “Kubok oyunu qələbə ilə başa vurduqdan sonra əsas hədəfimiz Splitdə üç xal qazanmaqdır. Bizi çətin qarşılaşma gözləyir. Splitdə həmişə belə olur. Amma bilirəm ki, azarkeşlərimiz bizi tək qoymayacaqlar. Bu görüş derbi kimidir. Komanda yoldaşlarım kimi mən də bu oyunu səbirsizliklə gözləyirəm. Əsas heyətdə oynayıb-oynamayacağıma baş məşqçi qərar verəcək. Mən hər oyuna hazıram və həvəsliyəm. Xüsusən də söhbət “Hayduk”la matçdan gedirsə. Onu da vurğulamaq istəyirəm ki, mənim üçün əsas heyətdə oynamağın və ya ehtiyatda qalmağın fərqi yoxdur. Çox vaxt ehtiyat oyunçular skamyasından meydana çıxan oyunçular görüşün taleyini həll edirlər”.
M. Emrelinin sözlərinə görə, derbilərdə qol vurmaq ona daha yaxşı təsir edir: “Ümid edirəm ki, bir gün mənim də belə fürsətim olacaq. Amma yox, bu mənim üçün ən vacib şey deyil. Ən yaxşı komanda olduğumuzu göstərməyimiz daha önəmlidir. Bəli, biz son çempionuq. Bu vəziyyət bizim üçün əlavə motivasiyadır. Həqiqətən oynamaq üçün səbirsizlənirəm. Vurduğum qollara gəlincə, hansının daha yaxşı olduğunu bilmirəm. Qollarımın hamısı mənim üçün vacibdir. Əgər həqiqətən seçim etməliyəmsə, “Riyeka”ya vurduğum qolları fərqləndirərdim.
Futbolçu oyunlarla bağlı proqnoz verməyi sevmədiyini bildirib: “Əminliklə deyə bilərəm ki, hər oyunda üç xalı hədəfləyirik. Bazar günü də belə olacaq”.