Londonda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

 

Böyük Britaniyanın paytaxtı Londonda yerləşən Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin təsisçisi və rəhbəri Əli Tekin Ataların təşəbbüsü ilə 20 Yanvar hadisələrinə həsr edilmiş anım tədbiri keçirilib.

 

Bu barədə “Report”a Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyindən bildirilib.

 

Tədbirin açılışında şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın dövlət himni səsləndirilib.

 

Əli Tekin Atalar Azərbaycanın müstəqilliyinə gedən yolda baş vermiş 20 Yanvar faciəsinin bütün türk dünyasını sarsıtdığını vurğulayıb. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin böyük tarixi hadisə olduğunu qeyd edib və bunun da öz növbəsində bütün Türk dünyasının qələbəsi kimi qiymətləndirib.

 

Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Azərbaycan xalqının müstəqillik uğrunda əzmkar mübarizəsinin Sovet imperiyasının dağılmasında həlledici rol oynadığnı qeyd edib. Həmin dövrdə Moskvada təhsil aldığını və Azərbaycan nümayəndəliyində Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı çıxışının canlı şahidi olduğunu bildirib. Ulu Öndərin həmin çıxışının onun Azərbaycan xalqının lideri olduğunu bir daha göstərdiyini və xalqın gücünə güc qataraq müstəqilliyə doğru inamını daha da artırdığını vurğulayıb.

 

Diolomat həmçinin bildirib ki, 1990-cı ildən bəri ilk dəfədir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Azərbaycanın dövlət müstəqilliyinə sədaqət və xalqın ən böyük sərvəti kimi dövlət müstəqilliyimizin qorunması cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas prinsipi olduğunu söyləyib. Qeyd olunub ki, şəhidlərin xatirəsinə ucaldılmış ən böyük abidə bugünkü müstəqil və qüdrətli Azərbaycan dövlətidir. Biz inanırıq ki, uzun illər davam edən ədalətsizlikdən sonra nəhayət şəhidlərimizin ruhu şaddır.

 

Bildirilib ki, 1990-cı ildə Sovet əsgərləri tərəfindən həmçinin Azərbaycanda yaşayan çoxsaylı millətlərin nümayəndələri də şəhid edilib. Dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan bütün vətəndaşlarının doğma evidir. 2020-ci il Vətən müharibəsi zamanı da Azərbaycanın bütün vətəndaşları bir yumruq kimi birləşərək torpaqlarımızı işğaldan azad etdiyi vurğulanıb.

 

Çıxışının sonunda Elin Süleymanov üzünü diaspora nümayəndələrinə, tədbirdə iştirak edən tələbələrə tutaraq cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin daha da inkişaf etməsi və müstəqilliyimizin daha da möhkəmlənməsi naminə hər bir azərbaycanlını səylərini əsirgəməməyə çağırıb.

 

Britaniya Azərbaycan Cəmiyyətinin sədri Fəridə Pənahova çıxışında 1990-cı il 20 yanvar hadisələri baş verən dönəmdə Londonda Azərbaycanın xalq artisti Lütfiyar İmanovun dünya azərbaycanlılarına müraciəti ilə bağlı xatirəsini bölüşüb.

 

Tədbirdə çıxış edən gürcü əsilli tədqiqatçı Tamara Draqadze 20 Yanvar hadisələri zamanı Azərbaycanda olduğunu və hadisələrin gedişatını yaxından izlədiyini qeyd edib. O, dünyada Azərbaycanla bağlı yalnış fikirlərin olmasından söhbət açıb və Qərbdə “islahataçı” kimi tanınan Mixail Qorbaçovun 20 Yanvar hadisələrinin sifarişçisi olduğunu vurğulayıb.

 

Tədbir zamanı həmçinin britaniyalı jurnalist Neil Vatson Azərbaycanda olarkən şəhidlər xiyabanını ziyarət etməsi barədə təəssüratlarını bölüşüb.

 

Çıxışlardan sonra Azərbaycan xalq musiqisi səsləndirlib və şəhidlərin ruhuna ehsan verilib.

 

20 Yanvar faciəsinə həsr edilmiş digər tədbir Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan məktəbində keçirilib. Tədbir zamanı məktəbin şagirdləri Azərbaycan tarixinə və 20 Yanvar hadisələrinə həsr olunmuş şerlər səsləndiriblər.

 

 

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?