Tatarıstanın paytaxtı Kazan şəhərində Musa Cəlil adına Dövlət Akademik Opera və Balet Teatrında dahi italyan bəstəkarı Cakomo Puççininin iki sənət şedevri olan “Toska” və son operası “Turandot”un böyük uğurla ifası gerçəkləşib.
AZƏRTAC xəbər verir ki, hər iki tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, respublikanın Əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyevin idarəsi altında təqdim olunub.
Qeyd edək ki, azərbaycanlı dirijorun Kazan Opera Teatrı ilə əməkdaşlığı 2021-ci ilin may ayında başlayıb. Məhz həmin ildə Rudolf Nureyev Beynəlxalq Festivalı çərçivəsində dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baletinin xoreoqraf Eldar Əliyevin quruluşunda premyerası baş tutub. Ənənəyə sadiq qalaraq Tatarıstan Dövlət Opera Teatrı hər zaman tamaşalarına müxtəlif teatrların məşhur və seçilən opera ifaçılarını dəvət edir. Bu dəfə də “Toska” və “Turandot”un tamaşalarında iştirak etmək üçün Moskva Gelikon Operasının solisti Elena Mixaylenko (soprano), Mariinski Teatrın solisti Ahmed Agadi (tenor), Moskva Bolşoy Teatrın solisti Marat Qali (tenor), Belarus Bolşoy Teatrının solistləri Stas Trifonov (bariton) və Andrey Valentiy (bas) dəvət edilib, eyni zamanda, Kazan Dövlət Opera Teatrının aparıcı solistləri Zoya Sererina, Gülnora Qatina, Yuriy İvşin və Oleq Maçin həmin tamaşalarda yer alıblar.
Möhtəşəm səhnə əsərlərinin ifası zamanı böyük simfonik orkestr, qarışıq xor, uşaq xoru, səhnə nəfəs alətləri orkestrinin ifaları gecəyə rəng qatıb.
Səfər zamanı dirijor Əyyub Quliyev Tatarıstan Dövlət Akademik Opera və Balet Teatrının baş direktoru, professor Raufal Muxametzyanovla da görüşüb. Görüşdə qarşıda keçiriləcək F.Şalyapin Beynəlxalq Opera Festivalının proqramı və digər yaradıcı planlar müzakirə edilib.