Ermənistanın regiondan kənar qüvvələri bölgəyə gətirmək cəhdləri iflasa uğradı.
“Report” xəbər verir ki, erməni mənbələri tərəfindən İranla Azərbaycan arasında münasibətlərə xələl gətirəcək məlumatlar həm yerli mətbuat, həm də cənub qonşumuzun rəsmiləri tərəfindən uğurla təkzib edilib.
Bakıda səfərdə olan İran Silahlı Qüvvələri Baş Qərargahının İdarə rəisi Məhəmməd Əhədi İranın Azərbaycanla sərhədə guya hərbi qüvvələr yığması haqda yayılan məlumatların yalan olduğunu bəyan edib.
“Bunlar sadəcə əsassız və yalan xəbərlərdir ki, bir sıra bəlli qüvvələr tərəfindən İran-Azərbaycan münasibətlərini korlamağa hədəflənib və məhz onlar tərəfindən yayımlanıb. Bundan başqa, SEPAH-la bağlı yayılan xəbərlərə aydınlıq gətirmək istəyirəm. SEPAH-ın da sərhəddə dəstələri yoxdur və birgə təlim keçirmək üçün heç bir səbəb yoxdur. Tək hədəfimiz və istəyimiz odur ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalansın. Cənubi Qafqaza sülh və əmin-amanlıq gəlsin. Ölkələr arasında barışıq olsun. Ümid edirik ki, iki ölkənin siyasi rəhbərliyi bu xətti davam etdirərək sülhə daha tez nail olacaqlar”, – M.Əhədi deyib.
Bunun ardınca İranın vitse-prezidenti Məhəmməd Cəmşidi İran prezidenti İbrahim Rəisi ilə Ermənistan baş naziri arasındakı telefon danışınığının detallarını açıqlayıb. O qeyd edib ki, Cənubi Qafqazda “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) formatından kənar ünsiyyət qurmaq vəziyyəti daha da çətinləşdirir.
M.Cəmşidinin sözlərinə görə, əcnəbilərlə əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti daha da çətinləşdirir.
Qeyd edək ki, İran Ermənistan tərəfinin son vaxtlar bölgədə müxtəlif narahatedici addımlarının fərqində olduğunu göstərir. İran isə region məsələlərinin məhz region ölkələri tərəfindən həll edilməsini istəyir. 3+3 formatı Azərbaycan tərəfindən irəli sürülən və Türkiyənin də dəstək verdiyi təşəbbüsdür. Tezliklə bu təşəbbüs şərçivəsində XİN başçıları səviyyəsində görüşün keçiriləcəyi gözlənilir, bundan sonra daha yüksək səviyyədə də görüşlər ola bilər. İran prezidentinin bu formatı xatırlatması Ermənistanın regiondan kənar qüvvələri bölgəyə gətirmək cəhdinə reaksiyadır.
Ermənistan “mürəkkəb gedişlər” edərək hamını aldada biləcəyini düşünür. Regionda açıq şəkildə Qərbin kəşfiyyat mərkəzinə çevrilir, Rusiya qoşunlarının Ermənistandan çıxarılmasına çalışır, NATO və Aİ-ni bölgəyə gətirmək istəyir, ABŞ ilə hərbi təlimlər keçirir, Rusiya rəsmilərinin ünvanına açıq təhqirlər səsləndirir və s. Amma paralel olaraq İran və Rusiyadan dəstək istəyir.
Rusiya ilə İran Paşinyanın oyunlarının mahiyyətini anlamayacaq qədər sadəlövh deyillər. Ermənistan səfirinin ilk dəfə olaraq Rusiya Xarici İşlər Nazirliyinə çağırılaraq nota verilməsi, İran Prezidentinin Paşinyanla telefon danışığında “əcnəbilərlə təlimlər”, “şübhəli səfərlər” haqda dedikləri də bunu bir daha sübut edir.