Quba rayonunun Hacıqayıb kənd sakini Əhədov Cavanşir Paşa oğlu redaksiyamıza məktubla müraciət edərək bildirib ki, qız övladı Babayeva Aysel Cavanşir qızı 24.10.2023-cü il tarixdə kistadan şikayətləndiyi üçün Qusar rayon mərkəzi xəstəxanasına gedərək həkim Yelena xanıma müraciət etmişdir: “Təəssüflər olsun ki, həkim onu heç bir müayinədən keçirmədən övladımın qaynanası Babayeva İlhamə xanıma xəstənin daxili orqanında kista olduğu üçün cərrahi əməliyyata məruz qalmalı olduğunu demişdir. Övladım əməliyyat edilmiş, sonra isə reanimasiyaya yerləşdirilmişdir. Xəstənin vəziyyətinin hələ də ağır olmasına baxmayaraq, onu təxminən bir saat sonra palataya köçürmüşlər. Övladım şok vəziyyətdə mənim və anasının gözlərimiz qarşısında can verirdi və gecə təxminən saat 2-də dünyasını dəyişdi. Həmin kritik vaxtda həkim axtarsaq da, birini də tapa bilmədik. Bir neçə dəqiqədən sonra aşağı mərtəbədən gələn həkim övladımın gözünün içinə baxaraq bildirdi ki, xəstə keçinib. Daha bir saatdan sonra Yelena həkim xəstəxanaya gəldi, amma övladımın ölüm səbəbi barədə bizə heç bir məlumat vermədi. Daha sonra həkimlər bir otağa yığışaraq məni və qızımın qaynanasını dəvət etdilər, kağız yazıb imza atmağımı istədilər. Mən həmin vaxt şok vəziyyətdə olduğumdan, həmin kağızda nə yazıldığını bilmədən qol çəkmişəm. Övladımın ölümünün baiskarı Yelena həkim tibbi ekspertin, prokurorunun iştirakı ilə morqda sənədləşmə aparılandan sonra çıxıb dedi ki, “mənim vicdanım təmizdir, xəstənin ciyərinin həcmi normadan üç dəfə böyümüşdü”. Halbuki, o, xəstəni əməliyyatdan qabaq lazımi müayinə etməmişdi, şişmiş ciyərin şəklini göstərəcəklərini vəd etsələr də, göstərmədilər”.
KİV-dən hadisənin ictimailəşdirilməsini və aidiyyəti qurumlara çatdırılmasını xahiş edən şikayətçi övladının ölüm səbəbini həkim səhlənkarlığı ilə izah edir və hesab edir ki, insan ölümünə səbəbkar olan həkim qanun qarşısında məsuliyyətə cəlb olunmalıdır.
Redaksiyamıza whatsapp mesajı ilə səsli məlumat verən mərhumənin anası da təsdiqləyir ki, mərhum qızına heç lazımi qaydada reanimasiya tədbirləri də görülməyib. Palatada üç sistem köçürülüb, iynə vurulub. Amma halı ağırlaşmaqda davam edib. Ölüm ayağında gələn xalatsız kişi həkim və üç nəfər tibb bacısı onun başa düşmədiyi ləzgi dilində öz aralarında danışıblar. Onlardan rəsmi dövlət dili olan Azərbaycan dilində danışmalarını tələb edib. Kişi həkim soruşan şəxsin xəstənin anası olduğunu biləndən sonra deyiblər ki, guya əllərindən gələni ediblər, xəstənin problem yalnız narkozdan ayılmamasıdır, gözləmək lazımdır. Mərhumənin anasının sözlərinə görə, Ayselin qol çəkməli olduğu daha bir kağıza da onun ölümündən sonra tibb bacılarından biri özü qol çəkib.
Cavanşir Babayev həmçinin bildirib ki, “vicdanının təmiz olduğunu” iddia edən Yelena həkim mərhum qızın əməliyyatı üçün qaynatasından aldığı 400 (dörd yüz) manat rüşvəti geri qaytarıb. Bundan başqa, Yelenanın atası və həyat yoldaşı mərhumun ölümündən keçən üçüncü gündə yas mərasiminin təşkili üçün bir neçə adda (un, düyü, çay, xurma və s.) ərzaq köməyi ediblər. Qudasının, yeznəsi Samirin xahişi ilə onların təklifini həmin an geri çevirməyib, həmin ərzağı da istifadə etməyib.