Bir neçə gündür sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində tərsinə A hərfinin yazılması iddia edilir.
Hətta sosial şəbəkələrin erməni seqmentində də qorxu yaradan tərsinə, sirli A hərfi ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Metbuat.az-a bildirdi ki, bu simvollardan Azərbaycan Ordusu əvvəllər də istifadə edib və bu normal haldır:
“Bizə aid olan maşınları digərlərindən, digər ölkəyə aid maşınlardan fərqləndirmək üçün bu cür işarələrdən, nişanlardan istifadə edirik. Çünki eyni texnikalar həm də Ermənistan və rus ordusu tərəfindən istifadə edilir. Sosial şəbəkədə son dəfə görünən tərsinə A hərfi Azərbaycan sözünün tərsinə A həm də V kimi oxuna bilər. Ortadakı xətti nəzərə almasaq, bu “victory”, yəni zəfər işarəsidir”.
Ekspert işarəni Zəngəzurla əlaqələndirənlərlə bağlı bunları deyib:
“Bunun yazılmasında məqsəd hərbi qulluqçuların təhlükəsizliyini təmin etməkdir. Hərə özünəməxsus formada bunun şifrəsini çözməyə çalışır. Halbuki bu rəqəmlərdən biz daha əvvəllər də istifadə etmişik. İstənilən halda bu işarələrin əsas məqsədi bizim texnikaları Rusiya və Ermənistana aid olan texnikalardan fərqləndirməkdir. Hərbçilərimizin istifadə etdiyi hərflər heç bir ideoloji məna daşımır”.