Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.
“Report” xəbər verir ki, “Ermənistanla sülh müqaviləsi hansı halda imzalanmayacaq?” adlı süjetdə ermənilərə etibarın yaranmasının Qərbi Azərbaycanlıların 35 ildir pozulan insan hüquqlarının bərpasından keçdiyi vurğulanır.
Bildirilir ki, Qərbi Azərbaycanlılar öz yurdlarına qayıtmadan Ermənistanla sülh prosesi yarımçıq sayılar: “Çünki, bu, tərəflər arasında dayanıqlı sülhə nail olmaq, etibar və etimadın yaranmasına çox böyük təkan olar”.
Həmçinin diqqətə çatdırılır ki, Nikol Paşinyan Qarabağ da daxil olmaqla 86,6 min kvadrat kilometrlik sahədə Azərbaycanın ərazisini tanıdıqlarını açıqlayıb.
Bununla belə, Paşinyan və onun komanda üzvləri Azərbaycan hakimiyyətini Qarabağ iqtisadi rayonunda müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlılarına arxalanaraq “fəaliyyət göstərdiklərini” bildirən Xankəndidəki cinayətkarlarla “danışıq” aparmağa çağırır. Əslində, rəsmi İrəvan bununla guya heç kim anlamırcasına Azərbaycanın qondarma cinayətkar dəstəni tanımasını istəyir.
Süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin bu il mayın 28-də Laçında Paşinyana və onun kimi düşünənlərə verdiyi cavablardan sitatlar verilib: “Sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır. Sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bunlar bizim şərtlərimizdir”.
Analitik materialda qeyd olunur ki, əsas məsələ Azərbaycanın Ermənistanı hansı ərazi daxilində tanımasında və Qarabağ iqtisadi rayonundakı ermənilərin Azərbaycan qanunlarına tabe olmasındadır.
Sonda sülh müqaviləsi ilə bağlı Azərbaycanın Ermənistan qarşısında qoyduğu şərtlər sadalanır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet iyunun 8-də Baku Tv-nin efirində və “Youtube” kanalında yayımlanıb.