Dilşad Araz
Yalan Görünür
Bütün həqiqətlər yerin dibində,
Çücərib çıxanda yalan Görünür.
Yumruq bağlamışıq əli cibində,
Heykəl yerişimiz duran görünür.
Heyif eləmişik xoş üzümüzü,
Əli qana batmış hər sözümüzü,
Alıb əlimizdən öz özümüzü,
Yalan keyfiyyətli qalan görünür!
Vətən sevgisidir şəhid gülləri,
Yetim saxlamışıq gələn illəri,
Üzü qibləyədir ana əlləri,
Qəbirlər dolusu balan görünür.
Bütün yalanların üzü qaradır,
Dünya xəstələnib canı yaradır,
Cəhənnəm içində cənnət yaradır,
Haqqı ürəyindən vuran görünür.