Deputat: Qarabağı tərk edən erməni sakinlərlə bağlı aparılan iyrənc təbliğat kənardan idarə olunur

Bu gün yalnız erməni təəssübkeşliyi naminə insan haqlarından və ədalətdən, mərhəmət və humanistlikdən ağızdolusu danışanlardan heç biri bu illər ərzində nə ermənilərin azərbaycanlılara qarşı törətdiyi çoxsaylı etnik təmizləmə və digər müharibə cinayətlərini, nə də Xocalı soyqırımını bir dəfə də yada salmadı. Onlar Qarabağdakı şəhər və kəndlərimizin ermənilər tərəfindən viran edilməsini, məscid və qəbirlərimizin, tarixi və dini abidələrimizin məqsədli və kütləvi şəkildə dağıdılaraq təhqir olunmasını da qəsdən görməzdən gəldilər. Belələri heç vaxt onu da etiraf etmədilər ki, Azərbaycan xalqı öz haqqını və tarixi ədaləti bərpa etmək üçün silahdan istifadə etməyə məcbur oldu, haqq savaşında minlərlə şəhid verdi. İndi insan haqlarından və Qarabağda məskunlaşan ermənilərin təhlükəsizliyindən dəm vuranlar BMT Təhlükəsizlik Şurasının ölkəmizlə bağlı 30 il əvvəl qəbul etdiyi məlum dörd qətnaməsini Ermənistana vaxtında icra etdirsəydi, bu qədər itkilər verilməzdi.

 

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

 

Deputat bildirib ki, bu gün mərhəmət və humanizm çağırışını beynəlxalq medianın manşetinə çıxaran dairələr ötən illər ərzində işğalçı Ermənistana qarşı bircə dəfə sanksiya tətbiq etmiş olsaydı, işğalla bağlı status-kvo vəziyyətinin qorunmasına xidmət etməsəydi, münaqişə bu qədər uzanmaz və Cənubi Qafqaz qan çanağına çevrilməzdi. BMT Təhlükəsizlik Şurasının həmin dörd qətnaməsinin hər birində Ermənistandan tələb olunurdu ki, öz silahlı birləşmələrini Azərbaycan ərazisindən-Qarabağdan dərhal, tam şəkildə və qeyd-şərtsiz çıxarsın. Təhlükəsizlik Şurasının 5 daimi və Avropa İttifaqının 27 üzvündən heç biri qətnamələrin imperativ tələbinə əməl etməyən Ermənistana bu illər ərzində gözün üstə qaşın var demədi.

“Sentyabrın 19-u və 20-də həyata keçirməyə məcbur olduğumuz lokal xarakterli və cəmi birgünlük antiterror tədbirləri Ermənistanın 30 il ərzində Qarabağda qanunsuz saxladığı elə həmin silahlı terror dəstələrinə qarşı yönəlmişdi. Antiterror tədbirləri ilə guya Qarabağda yaşayan mülki ermənilərin hədəf seçilməsi kimi iyrənc iftiranı uyduranlar növbəti dəfə dünya ictimaiyyətini aldatmağa çalışırlar. Əgər Azərbaycan Ordusu erməni terrorçularının döyüş taktikasını eynilə təkrarlayıb mülki infrastrukturu hədəf seçsəydi, ağına-bozuna baxmasaydı, öz təhlükəsizliyini daha etibarlı şəkildə qoruyar və daha az itki verərdi. Bu reallığı görmək istəməyən anti-Azərbaycan dairələri Ermənistanın baş naziri N.Paşinyanın “mülki infrastrukturun hədəfə alınmadığı ilə bağlı” ictimai etirafını da qulaqardına vururlar. Çünki bu, onların işinə yaramır və iyrənc planlarının gerçəkləşməsinə mane olur. Elə buna görə də həmin dairələr 35 il əvvəl Ermənistandan, 31 il əvvəl isə Qarabağdan ayaqyalın, başıaçıq didərgin salınmış, qovulmuş milyona yaxın azərbaycanlının üzləşdiyi erməni zorakılığı ilə bağlı çoxsaylı faktları, azərbaycanlı qaçqın və köçkünlərin yaşadığı məşəqqətli günləri, çəkdiyi mənəvi iztirabları dünya birliyinə göstərmək istəmirlər. Çünki vizual müqayisə ermənilərlə bağlı iddialarının ağ yalan olduğunu göstərə bilər”, – deyə Ü.Quliyev əlavə edib.

Onun sözlərinə görə, öz istəyi ilə Qarabağdan çıxıb gedən erməniləri “etnik təmizləmə qurbanı” hesab edənlər ədalət və reallıq hissini o qədər itiriblər ki, ermənilərə yolboyu su, çörək verən, yardım əlini uzadan Azərbaycan əsgər və zabitinin humanist davranışını da görməzdən gəlir, sanki azərbaycanlıların bu humanistliyindən “utanırlar”. Çünki bu cür çoxsaylı epizodlar onların Azərbaycana qarşı planlaşdırdığı növbəti məkrli planını puç edir. Acınacaqlı olan və insanlıq adına utanc gətirən həm də budur ki, beynəlxalq səviyyədə tanınmış və Ermənistanın havadarlarının təsir etmək imkanı olan media qurumlarından bəziləri Qarabağdan könüllü şəkildə çıxan, heç bir zorakılıqla üzləşməyən erməniəsilli qadınlardan müsahibə alarkən, bilirsiniz, hansı səhnəni tirajlayırlar? Hansısa “dirijor çubuğunun” işarəsi ilə həmin qadınlar boyunbağlarını paltarlarının üstünə çıxarıb kameraya onlara taxdıqları xaçı nümayiş etdirirlər. Bu, məqsədli şəkildə edilir və dinlərarası nifrətin təşviqinə yönəlmiş ən iyrənc təbliğat üsuludur. Bu təbliğatı aparanlar hansısa az inkişaf etmiş ölkəni deyil, insan haqları və demokratiya mövzusunu az qala “siyasi inhisara” almış aparıcı ölkələrin ayrı-ayrı media qurumlarıdır.

 

“Ən pisi odur ki, bu iyrənc təbliğat kənardan “peşəkar səviyyədə” idarə olunur və buna görə çox təhlükəlidir. Məqsədli şəkildə dini mənsubiyyəti qabardaraq bu cür iyrənc təbliğatı aparanlar, ermənilərin etnik təmizlənməsi yalanını uyduranlar azərbaycanlıları sevmədikləri kimi, əslində, heç erməniləri də sevmirlər. Bu təbliğatı yönləndirən siyasi dairələrin məqsədi Cənubi Qafqaza sülh və əmin-amanlıq gətirmək deyil, insan haqları və təhlükəsizlik pərdəsi altında öz maraqlarını təmin etməkdir. Dəyərlərin bu qədər deqradasiyaya uğradığı dünyada həm biz həm də ermənilər daha ayıq olmalıyıq. Çünki Cənubi Qafqaza Yaxın Şərq ölkələrinin acı aqibətini yaşatmaq istəyən dairələrin iyrənc niyyəti açıq şəkildə ortadadır”, – deyə deputat vurğulayıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?