Çinin Milli Statistika Bürosu ötən il ölkədə 10,51 milyon nəfərin ilk nikahını qeydə alıb. Bu, 2013-cü ildəki ən yüksək rəqəmdən 55,9 faiz az, 1980-ci ildən bəri isə ən aşağı göstəricidir. Çində birinci nikaha girənlərin sayının il ərzində 11 milyon nəfərdən aşağı düşməsi də ilk dəfə qeydə alınır.
AZƏRTAC Çinin statistika qurumunun açıqlamasına istinadla xəbər verir ki, ötən ilki nikahların sayı əvvəlki illə müqayisədə 9,16 faiz az olub. Ümumiyyətlə, Çində nikahların sayı 2013-cü ildən bəri davamlı azalır. Statistik məlumatlara əsasən, Çində orta nikah yaşı 2010-cu ildə 24,89 təşkil edirdisə, 2020-ci ildə bu rəqəm 28,67 olub. Ekspertlərin fikrincə, azalmanın əsas səbəbi gənclərin nikahı gecikdirməsi və ailə qurmaqdan imtina etməsidir. Onlar nikahın gecikdirilməsini gənclərin ailə dəyərlərinə münasibətinin dəyişməsi, evlilik xərclərinin yüksək olması və digər sosial, psixoloji amillərlə əlaqələndirirlər.
Milli Statistika Bürosu nikahlarla yanaşı, yenidoğulanların sayının da ildən-ilə azaldığını açıqlayıb. Son 40 illik statistika nəzər salsaq, ən yüksək göstəricinin qeydə alındığı 1987-ci ildən bəri yenidoğulanların sayı azalır.
Qeyd edək ki, ötən il Çin əhalisi 60 ildə ilk dəfə azalmağa başlayıb. Əvvəlki illə müqayisədə 2022-ci il əhalinin sayı 850 min nəfər azalaraq 1 milyard 411 milyon 750 min nəfər təşkil edib. Beləliklə, 1961-i ildən sonra ölkədə əhalinin sayında ilk dəfə azalma qeydə alınıb. Cari ilin əvvəlində isə Çin dünyanın ən çox əhali sayına sahib ölkə ünvanını Hindistana verib. Ekspertlər hesab edir ki, hazırki azalma tendensiyası davam edərsə, 2080-ci ildə Çinin əhalisinin sayı 1 milyarda, 2100-cü ildə isə 800 milyona qədər azalacaq.