BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Bakıda üçgünlük səfərdədir. Səfərin məqsədi Azərbaycanda enerji sənayesi sahəsində ilin ən böyük və ən mühüm hadisəsi olan Bakı Enerji Həftəsi çərçivəsində həyata keçirilən tədbirlərdə iştirak etməkdir.
BP-dən “APA-Economics”ə verilən məlumata görə, səfər proqramı çərçivəsində həmçinin Qordonun Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovla, iqtisadiyyat naziri Mikayıl Cabbarovla, energetika naziri Pərviz Şahbazovla və SOCAR-ın prezidenti Rövşən Nəcəflə işgüzar görüşləri də planlaşdırılır.
Bu görüşlərdə BP-nin dünya üzrə, həmçinin regiondakı biznesinin gedişi, icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti və BP-nin Azərbaycanın enerji keçidinə dəstək məqsədli fəaliyyətləri ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
Səfər çərçivəsində Birrel həmçinin BP-nin regional rəhbərliyi ilə görüşlər keçirəcək və hazırda dənizə yola salınmağa hazır vəziyyətdə olan ACE platformasının üst modullarındakı son sınaq işlərini görmək məqsədilə Bibiheybətdəki tikinti-quraşdırma sahəsinə baş çəkəcək.