Bu gün BP “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları adından “Gələcəyini qur” layihəsinin daha bir ilinin nəticələrini qeyd edib.
“Report”un məlumatına görə, BP və tərəfdaşlarının yeddi ildir ki, maliyyələşdirdiyi bu təşəbbüsün məqsədi aztəminatlı ailələrdən olan bacarıqlı gənclərin universitetlərə hazırlaşmasına dəstək olmaqdır.
Layihənin builki, yəni yeddinci mərhələsi üçün Qaradağ, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Hacıqabul, Samux və Goranboy rayonlarından 60 nəfər 11-ci sinif şagirdi seçilmişdi. İştirakçıların böyük əksəriyyəti təlim proqramını uğurla başa vuraraq yüksək nəticələr əldə ediblər – 54 nəfər ali təhsil müəssisələrinə, dörd nəfərsə kolleclərə qəbul olub. İştirakçılardan ikisi qəbul imtahanlarında 600-dən yuxarı, dördü isə 500-dən yuxarı bal toplayıb.
Layihə BP və tərəfdaşlarının qonşu icmaların bacarıq və səriştələrinin artırılmasına və sosial inkişafına dəstək olmaq öhdəliyinin bir hissəsidir. Layihənin geniş təlim proqramı iştirakçıların qəbul imtahanlarına hazırlığını təmin edən məşğələlər və fəaliyyətlərə yönəlib. Bundan əlavə, layihə çərçivəsində gənclərə psixoloji dəstək verilir və onların sosial inteqrasiyasına yardım göstərilir.
Bu günədək Qaradağ, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Hacıqabul, Samux və Goranboy rayonlarının müxtəlif icmalarından olan təxminən 500 aztəminatlı ailə bu layihədən faydalanıb.
Layihənin yeddi mərhələsi ərzində ümumilikdə 542 iştirakçıdan 463-ü – yəni iştirakçıların təxminən 85 %-i – ali məktəblərə qəbul imtahanlarının tələblərinə cavab verərək müxtəlif universitetlərdə tələbə adını qazanıb.
Tədbirdə çıxış edən BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Bu, bizim sevimli layihələrimizdən biridir və davamlı inkişafı dəstəkləmək məqsədimizə tam uyğundur. İnanırıq ki, bu layihə vasitəsilə istedadlı gənclərimizin öz uğurlu gələcəklərini qurmasına, eyni zamanda onların öz icmalarında həyat keyfiyyətini yaxşılaşdırmasına kömək edirik. Qürur duyuruq ki, bu günə qədər aztəminatlı ailələrdən olan 500-dən çox gəncə universitet tələbəsi olmaq imkanı yaratmışıq. Layihəmizdə iştirak etməklə başladıqları bu yolun onları arzu etdikləri ixtisasa doğru aparacağına ümid edirik.”
7-ci mərhələyə xərclənmiş təxminən 251 min manat (148 min ABŞ dolları) də daxil olmaqla layihənin yeddi mərhələsinin birlikdə ümumi dəyəri təxminən 2 milyon manatdır (1,2 milyon ABŞ dolları). Hər bir mərhələnin müddəti isə bir ildir.
Layihənin icraçısı “Build Your Future” MMC-dir.