Azərbaycan Kino Agentliyi (ARKA) ilə Türkiyənin tanınmış film şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə “Report”a ARKA-dan məlumat verilib.
Qeyd edilib ki, memorandum agentlik və Türkiyənin tanınmış film şirkətləri olan ”Skala Film Prodüksiyon” və “Tulpar Film” şirkəti arasında imzalanıb. Memoranduma əsasən, yaxın vaxtlarda “Qızıl qatar” (Altun tren) adlı Azərbaycan və Türkiyə bazarlarına çıxacaq birgə filmin istehsalı nəzərdə tutulur.
Filmin istehsalı istiqamətində birgə fəaliyyətləri müəyyən edən üçtərəfli Anlaşma Memorandumunu Azərbaycan tərəfdən Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu, Türkiyə tərəfdən isə “Skala Film” şirkətinin idarə heyətinin sədri İsmayıl Bəyazid imzalayıb.
Çəkilişlərinin Azərbaycanda aparılması planlaşdırılan filmin mövzusu XX əsrin əvvəllərində Türkiyə və Azərbaycanın qarşılıqlı əlaqələrindən bəhs edir. Xilaskar Nuru Paşanın Azərbaycana köməyə gəlməsi, həmçinin Azərbaycandan qardaş Türkiyəyə qızıl yüklü vaqonların göndərilməsi filmin əsas süjet xəttini təşkil edir.
Qeyd edək ki, Türkiyə şirkətləri tərəfindən ilk dəfə olaraq Azərbaycanın kino sənayesinə investisiya yatırılır. Filmin maliyyə tərəfi qardaş ölkənin istehsalçıları tərəfindən həyata keçiriləcək.
Memorandumda TÜRKSOY-a üzv ölkələrdən dəstək alınması məsələsi də öz əksini tapıb.