Azərbaycanın ABŞ-ın maddi yardımına ehtiyacı yoxdur

 

 

Azərbaycanın müstəqilliyini bərpa etdiyi 32 il ərzində bütün sahələr üzrə qazandığı uğurlar dünyada nadir hadisələrdəndir. Bu müddətdə iqtisadiyyatda sürətli artım tempi, xarici siyasətdəki irəliləyiş və hərbi sahədəki uğurlar ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Xüsusilə, son 20 ildə həyata keçirilən düşünülmüş daxili və xarici siyasət Azərbaycanı dünyada qalib dövlət kimi tanıtdı. İyirmi ilin siyasəti iki yüz ilin erməni düşmənçiliyini yerlə-yeksan etdi. İyirmi ilin siyasətinin uğurları Azərbaycan Ordusunu dünyanın 50 ən güclülərindən birinə çevirdi. Ölkəmizin belə sürətli inkişafı dünya siyasətinə təsir edə biləcək bir sıra güclü dövlətləri təşvişə salıb. Əslində, güclü dövlətlər ədalətin, beynəlxalq hüququn yanında olmalıdırlar. Bu dəfə isə əksinə olub. Güclü dövlətlərin Azərbaycanın sürətli inkişafını həzm edə bilməməsi onları ədalətsizliyə, qeyri-obyektivliyə, beynəlxalq hüquq normalarının əleyhinə sürüklədi. ABŞ, Fransa, Almaniya, Avropa Parlamentinin, bəzi hallarda AŞPA-nın Azərbaycana qarşı qeyri-obyektivliyi bunun bariz nümunəsidir

 

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

 

O deyib ki, əvvəlcə Fransanı irəli verdilər. Bu ölkənin Senatı və Milli Assambleyası, eləcə də bir sıra siyasi dairələri beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək azərbaycanofob, türkofob və islamofob fəaliyyətlərini, ədalətsiz addımlarını intensivləşdirdilər və Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli, ədalətsiz mövqe sərgilədilər. Fransa prezidenti Emmanuel Makron Orta Asiya ölkələrinə səfərindən əliboş qayıtdıqdan sonra estafeti Avropa Parlamentinə ötürdü. Ardınca AŞPA qərəzli qətnamə qəbul etdi. Bütün bunların hamısı ikili standartların, Azərbaycanın sürətli inkişafını və tarixi Qələbəsini həzm edə bilməmənin nəticəsi idi. Halbuki, dünyanın əksər ölkələrinin rəhbərləri Azərbaycanın şanlı Zəfərini, həmçinin bir günlük antiterror tədbirini qəbul edir, hətta tarixi Qələbə münasibətilə Prezident İlham Əliyevə təbriklərini də çatdırdılar. Azərbaycan 44 günlük Vətən müharibəsindəki Qələbəsi və bir günlük antiterror tədbirləri ilə özünün ərazi bütövlüyünü bərpa etdi. Dövlətimizin başçısı da dəfələrlə bəyan edib ki, bizim heç bir dövlətin ərazisində gözümüz yoxdur. Görünür 32 illik müstəqillik tarixi olan bir ölkənin sürətli inkişafı, hərbi qüdrəti güclüləri təşvişə salıb. Elə olmasaydı, məsələyə ABŞ qarışmazdı.

 

Siyasi şərhçi bildirib ki, insan hüquqları və demokratiya, həmçinin müstəqillik yoluna yeni qədəm qoymuş ölkələrə kömək etməklə bağlı dünyaya dərs keçən ABŞ da Azərbaycanın uğurlarını həzm edə bilmədi. Son illər öz daxilində olan haqsızlıqları, silahlı zorakılığı, insan hüquq və azadlıqları sahəsindəki ciddi pozuntuları “görməyən” ABŞ gənc müstəqil dövlətlərin gözündə “tük axtarmaqla” məşğuldur. Güclü, qüdrətli bir dövlətin riyakarlıq, ikili standartlar, irqi ayrı-seçkilik və bərabərsizlik mərəzinə tutulması bu ölkəni də ermənipərəst, hadisələrə qeyri-obyektiv yanaşan Fransa kimi dövlətlərin səviyyəsinə endirir. Yaxın günlərdə ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” ilə əlaqədar Bəyanat qəbul etməsi bu ölkənin haqq-ədalətdən uzaqlaşmasından, məsələlərə qeyri-obyektiv yanaşmasından xəbər verir. Sözügedən aktın qəbul edilməsi və Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlar regionda sülh və sabitlik yaradılması səylərinə ciddi maneçilik törədir.

 

Siyasi şərhçi bir məsələni xatırladaraq deyib ki, 1992-ci ilin oktyabrında Azərbaycana qarışı Azadlığa Dəstək Aktı- 907– ci düzəliş qəbul olunur və həmin sənəddə göstərilir ki, Azərbaycana yardım olunmayacaq. ABŞ tərəfi BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, Azərbaycan xalqına qarşı qətliamların qarşısını almağa səy göstərmək əvəzinə, bu ölkənin qanunvericilik orqanı erməni təbliğatının təsiri altında “Azadlığa dəstək aktı” adlanan qanuna 907-ci düzəlişi qəbul etmişdir. Bununla da ABŞ hökumətinin Azərbaycana maliyyə yardımı göstərməsi qadağan olunmuşdur. Keçmiş SSRİ respublikaları arasında Azərbaycan yeganə ölkə idi ki, onun əleyhinə bu cür qərar qəbul edilmişdi. Həmin dövrdə ABŞ-ın təcavüzkar Ermənistana verdiyi maliyyə dəstəyi Azərbaycan torpaqlarının işğalına təkan vermişdir. Halbuki, ovaxtlar Ermənistan ölkəmizə qarşı ard-arası kəsilməyən terror aktları törədirdi. Elə həmin ilin fevralında dünyada analoqu olmayan Xocalı soyqırımı törədilir.

 

Ə.Bədəlov 2001-ci ilin sentyabrında Amerikada törədilən dəhşətli terror aktını xatırladaraq deyib ki, ölkəmizin ovaxtkı rəhbəri Ulu Öndər Heydər Əliyev dərhal bəyanat verdi və bildirdi ki, terrora qarşı mübarizədə biz ABŞ-ın yanındayıq. Çünki terrorun nə olduğunu Azərbaycan daha yaxşı bilirdi. Həmin vaxta qədər Ermənistan ərazimizdə onlarca dəhşətli terror aktları törətmişdi. Eyni zamanda, Azərbaycan öz hava məkanını ABŞ təyyarələri üçün açdı. Ancaq ABŞ Minsk qrupunun 30 ilə yaxın müddətdə həmsədri kimi hansı fəaliyyəti ilə yadda qaldı? Əlbəttə, işğalçı ölkənin müdafiəsi ilə. Üzdə isə ABŞ rəsmiləri həmişə deyirlər ki, Azərbaycan bizim strateji əməkdaşımızdır. Strateji əməkdaşa qarşı belə riyakarlıq etmək olarmı?

 

Siyasi şərhçi Azərbaycanın Türkiyə ilə Şuşa müqaviləsini imzalamasının həm Qərbin, həm də Avropanın bir sıra dairələrinin yuxusuna haram qatdığını deyib. Azərbaycanın 5 prinsipdən ibarət sülh müqaviləsi təklifinə əvvəlcə Ermənistan da razılıq vermişdi. Ancaq sonradan Fransa və Vaşinqtonun təsirləri ilə Ermənistan sülh müqaviləsinin imzalanmasından qaçdı. Azərbaycanın bir günlük antiterror tədbirindən sonra BMT missiyası iki dəfə Qarabağa səfər edib və hər dəfə də bəyanat verib ki, burada hər hansı bir etnik təmizləmədən söhbət gedə bilməz. Eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsi, ABŞ Dövlət Departamenti də öz bəyanatlarında etnik təmizləmədən söhbət gedə bilmədiyini bildiriblər. Təəssüf ki, “Azadlığa dəstək aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılmasını ləğv etməklə ABŞ tərəfi Azərbaycana qarşı 1992-ci ildə yol verdiyi tarixi səhvi yenidən təkrarlayır. Azərbaycanın nə ABŞ-ın, nə də digər ölkələrin yardımına ehtiyacı var. İndi Azərbaycan özü iqtisadi cəhətdən zəif olan ölkələrə yardım edir.

 

“Xatırladım ki, bir neçə il əvvəl koronavirusun tüğyan etdiyi illərdə bu virusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardım göstərmişdi. Ümumdünya Səhiyyə Təşkilatına isə 10 milyon dollar ianə etmişdir. Bununla yanaşı, Azərbaycan tərəfindən 5 ölkəyə peyvənd ianəsi olmuşdu. Eyni zamanda, Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi Azərbaycanın donor ölkəsinə çevrilməsindən xəbər verir. İşğaldan sonra Qarabağda aparılan genişmiqyaslı yenidənqurma, abadlıq-tikinti quraşdırma işlərinin aparılmasını yalnız Azərbaycan kimi iqtisadi qüdrətə malik ölkə edə bilər. Ona görə də Azərbaycanın ABŞ-ın yardımına ehtiyacı yoxdur”, – deyə Ə.Bədəlov bildirib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?