Azərbaycan Respublikasının Pakistandakı səfirliyi İslamabad şəhərində Pakistan Xarici İşlər Nazirliyinin Qadınlar Assosiasiyası tərəfindən təşkil olunan ənənəvi xeyriyyə bazarında iştirak edib.
Ölkəmizin Pakistandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bir sıra xarici dövlətlərin Pakistandakı səfirliklərinin əməkdaşları və yerli şirkətlərin nümayəndələri iştirak ediblər.
Azərbaycan səfirliyinin stendində ölkəmizin milli yeməklərindən və şirniyyatlarından ibarət müxtəlif təamlar iştirakçılara təqdim olunub, o cümlədən tariximizi və mədəniyyətimizi təcəssüm etdirən suvenirlər sərgilənib.
Pakistanın birinci xanımı Samina Alvi, Pakistanın xarici işlər naziri Cəlil Abbas Gilani və digər rəsmi qonaqlar Azərbaycan stendini ziyarət edib, ölkəmizin milli mətbəxinin nümunələri, eləcə də suvenirlərdən ibarət sərgi ilə tanış olublar.
Xeyriyyə bazarında Azərbaycan səfirliyinin stendindən əldə edilən vəsait Qadınlar Assosiasiyasının fonduna köçürülüb.