Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 24-də görkəmli muğam ustadı, bu il anadan olmasının 85 illiyi qeyd olunan Xalq artisti, Prezident təqaüdçüsü Arif Babayevi evində ziyarət edib.
Sonxeber.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sənətkarı əlamətdar yubileyi münasibətilə təbrik edən nazir onun Azərbaycan muğam ifaçılığı sənətinin inkişafındakı mühüm xidmətlərini vurğulayıb.
Adil Kərimli dövlətimiz tərəfindən ustad xanəndənin sənətinin daim yüksək qiymətləndirildiyini deyib, Prezident İlham Əliyevin 21 fevral 2023-cü il tarixli sərəncamı ilə Arif Babayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görüldüyünü bildirib. Nazir dövlət təltifini sənətkara təqdim edib, xoş diləklərini çatdırıb.
Arif Babayev sənətinə verilən yüksək qiymətə və Azərbaycan muğamının inkişafına göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
https://sonxeber.az/