Moskvanın Basmannı məhkəməsi Birinci Kanalın sabiq redaktoru Marina Ovsyannikovanı RF Silahlı Qüvvələri haqqında yalan məlumat yaymaqda təqsirli bilib və qiyabi olaraq 8,5 il müddətinə azadlıqdan məhrum edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, məhkəmənin qərarı ilə Ovsyannikova, həmçinin dörd il müddətinə informasiya və telekommunikasiya şəbəkələrində, o cümlədən internet saytlarında administrativ fəaliyyət hüququndan məhrum olunub.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs ötən il iyulun 15-də özünün ictimai kanalında Rusiya hərbçilərinin “xüsusi hərbi əməliyyat zamanı” hərəkətləri barədə bilərəkdən yalan məlumatı əks etdirən video və foto yayımlayıb.
Marina Ovsyannikova 2022-ci ilin oktyabrında ev dustaqlığından qaçıb. Onun harada olduğu məlum deyil. Beynəlxalq axtarışa verilən sabiq redaktor barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.