Gündüz Əliyev dövlət vəsaitini mənimsəyib?
Zakir Fərəcov və Gündüz Əliyev sahibkarların halal pulunu vermir
Xalq. Az xəbər verir ki, bir müddət əvvəl APA-nın hüquq-mühafizə orqanlarına istinadən yaydığı məlumatdan bəlli olurdu ki, külli miqdarda mənimsəmədə təqsirləndirilən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sabiq müavini Gündüz Əliyev və onun bacısı, onunla birgə ittiham olunan “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsinin sabiq baş mühasibi Gülnarə Bayramova və tanışları – Elxan Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Belə ki, təqsirləndirilən şəxslərin sahibkarlıq fəaliyyəti adı altında 2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi materiallarına əsasən, Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdikləri 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub.
Köçürülmüş pul vəsaitinin bir hissəsi, yəni 1 milyon 613 min 334 manat məbləğində hissəsi Elxan Əsədov və digərləri vasitəsilə nağdlaşdırılmaqla mənimsənilib.
Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib.
İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələri ilə yekun ittiham elan edilib.
Və APA-nın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və cinayət işi məhkəmə baxışı 2023-cü il sentyabrın 12-nə təyin edilib.
Bu məlumatlar 05 sentyabr 2023-cü ildə yayılıb və təkzib olunmayıb.
O vaxtdan xeyli müddət keçməsinə baxmayaraq hər dəfə ciddi bir səbəb olmdan məhkəmə təxirə salınıb. Niyəsi məlum deyil.
Onu da qeyd edək ki, Zakir Fərəcov- Gündüz Əliyev cütlüyünün əməlləri təkcə Sumqayıt Tibb Mərkəzi ilə bağlı deyil.
Bu cütlük Sumqayıtın abadlıq və quruculuğu adı altında xeyli sayda iş adamını, sahibkarı işlədərək halal pullarını mənimsəyib, dövlətin milyonlarla vəsaitini ələ keçiriblər.
Onu da qeyd edək ki, istintaq yekunlaşandan sonra Gündüz Əliyev dəfələrlə xarici ölkələrdə olub, bacısı isə müalicə adı altında Türkiyəyə gedib.
Bütün bunlar öz yerində. Bəs müvafiq dövlət qurumları niyə tədbir görmür ?
Ali Məhkəmənin sədri cənab İnam Kərimov niyə tabeçiliyində olan məhkəmə sədrləri ilə bağlı tədbir görmür ?
Görəsən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri cənab Rəşad Əliyev nə düşünür ?
Cənab məhkəmə sədri !
Heç bir ciddi əsas olmadan bu boyda ağır cinayət işini neçə dəfə təxirə salmaq olar ?
Ümid edirik ki, müvafiq dövlət qurumları bu suallara yaxın zamanda cavab verəcəklər