SSRİ-də 23 fevral tarixi Sovet ordusunun yaranma günü kimi qeyd olunurdu. Sadə dillə desək, “kişilər günü” kimi təqvimdə öz yerini tutan 23 fevralda müttəfiq respublikalarda yaşayan zərif cins nümayəndəkləri öz atalarını, qardaşlarını, ərlərini və oğullarını bayram münasibətrilə təbrik edirdilər.
Kişilər gününün yaranmasında başlanğıc nöqtə isə 1918-ci ilin bu günündə SSRİ Xalq Komissarları Sovetinin “Sosialist vətəni təhlükədədir” çağırışı ilə yaydığı çağırış idi.
Almaniya qoşunlarının Petroqrada (Sankt-Peterburq) sürətlə irəlilədiyi vaxtda verilən çağırış bütün Rusiyada səfərbərlik elan edirdi. Elə həmin gün könüllü “qırmızı”lardan ibarət dəstələr Pskov yaxınlığında alman qoşunları ilə üz-üzə gəlirlər. 3 günlük döyüşdən sonra almanlar ağır itkilərlə şəhəri alsalar da, hücumu inkişaf etdirə bilmirlər.
Sonda Brest-Litovsk müqaviləsi imzalayaraq Sovet İttifaqını de-fakto müstəqil dövlət kimi tanıyırlar. Bu gün 23 fevral dövlət səviyyəsində yalnız Rusiyada, Belarusda, Qırğızıstanda və Tacikistanda qeyd olunur. Bu yaxınlara qədər Ukrayna da bu günü dövlət səviyyəsində qeyd edirdi.
Maraqlıdır ki, SSRİ-də 1922-ci ildə rəsmən dövlət bayramı elan olunan 23 fevral həmişə iş günü kimi qeyd olunub. Yalnız 2002-ci ildə Rusiya Dövlət Duması bu günü istirahət günü elan edib.